Ən gözəl, ən lüks,ən parlaq, ən böyük, ən hündür, ən baha – bütün “ən”lərin birləşdiyi mərkəzdir Dubay.  1960-cı illərə kimi kiçik balıqçı qəsəbəsi olan Dubay 20-ci əsrin sonlarında zəngin neft yataqları sayəsində dünyanın ticarət və turizm mərkəzinə  çevrildi. Dubay Abu Dhabi, Sharjah, Ajman, Umm Al Quwain, Fujairah və Ras Al Khaymahdan  ibarət və paytaxtı Abu-Dabi olan BƏƏ – nin 7 əmirliyindən ən məşhurudur. İstirahət, bal ayı, doyunca  alış–veriş, qışın  ortasında yayı yaşamaq  istəyənlərin seçimi  olan Dubay, təmizliyi, işıltısı, dəbdəbə və möhtəşəmliyi ilə turistləri ölkəyə çəkməyi çox yaxşı bacarır. Dubaya səfər edən dostların ağızdolusu söhbətlərindən ilhamlanaraq biz də bu ərəb ölkəsinə səyahət etməyi, Bakının soyuğundan uzaqlaşmağı qərara aldıq. Dubaya səyahətin ən yaxşı vaxtı qış aylarıdır (temperatur 25 dərəcə) Yayda həddindən artıq isti olduğuna görə (bəzən 50 dərəcə) getmək məsləhət deyil.

Səyahətimizi turizm.az şirkətinə həvalə etdik və 6 gecə  7günlük paket (Paketə daxildi: təyyarə bileti, otel, viza, transfer xidmətləri və səyahət sığortası) aldıq (3000$-2300 azn, fevral 2013) Və yolçu yolunda gərək. “Emirates” hava yolları ilə  İstanbuldan 4 saatlıq uçuşdan sonra Dubay aeroportuna endi təyyarəmiz. Siz isə Bakıdan daha asan,  2,5-3 saata uça bilərsiniz. Dəbdəbənin ilk qığılcımları elə aeroportdaca gözümüzü qamaşdırmağa  başladı. Metroyla pasport qeydiyyatına yollandıq. Gecə saat 10 olmağına baxmayaraq aeroport turistlə dolu idi. Qışın  soyuğundan bezib  yay günəşində isinməyi arzulayanlar Dubaya üz tutmuşdu. Pasport və göz kontrolundan keçdikdən sonra “Alpha tours” un transfer xidmətindən istifadə edərək otelimizə gəldik. (Flora Grand Hotel 4*, 3 gecə). Yol bir az yormuşdu bizi.

Səhər yeməyindən sonra ilk işimiz turlar haqqında məlumat almaq oldu. “Alpha tours”un satış menecerinin  məsləhətlərini də nəzərə alaraq  iki tur aldıq: Dubai City tour və Safari tour. Turlar və qiymətləri haqqında ətraflı məlumatı buaradan əldə edə bilərsiniz.

Dubay otellərinin  mənfi tərəfi ulduzundan asılı olmayaraq otellərdə internetin pullu olmasıdır. (1 saat üçün 10$, 24 saat üçün isə 20$.) Biz bu problemi internet paketli telefon xətti almaqla həll etdik və xeyli qabağa düşdük. 🙂 İnternet problemini də həll etdiyimizə görə oteldən aldığımız xəritəylə düşdük Dubayın canına.

Qızıl cənnəti

Otelimiz mərkəzdə (Deira bölgəsində) məşhur  Dubay qızıl və ədviyyat bazarına (Dubai golden souk, Spice souk) yaxın yerləşdiyinə görə ilk işimiz ora  baş çəkmək oldu. Par-par parıldayan  vitrinlər bir-biri ilə zərgərlik məmulatlarının ölçüsü, kilosu (qramı yox haa) fərqliliyinə, çeşidinə  görə yarışa girmişdi sanki. “Nə bizim qadınların yeridir” – dedim öz-özümə 🙂 Hə, bir də,  gunorta fasiləsinə saat  12.30-da çıxırlar və həmin vaxt kassada da olsanız alış-verişi dayandirib dükanı bağlayırlar. Alış-veriş edərkən endirim istəməkdən  də çəkinməyin. Rəngarəng  ədviyyatlardan  hazırlanmış təpəciklər də gözə xoş görünürdü, qızıllar qədər olmasa da :). Bazarları dolaşdıqdan sonra metroyla Dubai Mall–a yollandıq. Bir az da Dubay metrosundan xəbər verək.DSC09121compressed

Dubay metrosu

İki xətdən – yaşıl və qırmızı xətlərdən ibarət olan Dubay metrosu təmizliyi, rahatlığı və asanlığı ilə turistlərin dadına çatır. Edəcəyiniz ilk şey metro xəritəsi (otellərin əksəriyyəti verir) və metro kartı alıb rahatca gəzməkdən həzz almaqdır. Hərəmizə bir gümüş kart (silver card) aldıqdan sonra endik metroya. Metro kartları təkcə metroda deyil, həmçinin avtobus, su avtobusunda da keçərlidir. İlk vaqon  Gold class (təbii olaraq bir az bahadır), daha sonra uşaqlar və qadınlar üçün vaqon, arxasınca isə standart vaqonlar gəlir. Səhvən Gold class vaqona minsəniz cərimə olunacaqsınız.  Dubay metrosunda yemək yemək, içki içmək, hətta saqqız çeynəmək qadağandır. Həmin  dəqiqə yaxınlaşıb xəbərdarlıq edirlər. Dubay metrosu haqqında daha  ətraflı bu linkdən məlumat əldə edə bilərsiniz.

Gəldik məşhur Dubai Mall-a. Bir az dolaşdıqdan sonra bir restoranda əyləşib yemək yemək üçün dadı damağımıza yaxın olan İran restoranı – “Hatam” I seçdik. Azərbaycan plovu yemiş kimi ləzzət aldıq  yeməkdən. DSC00430compressed

Yeməyimizi yedikdən sonra Dubai Mall-un buz meydançasına endik. 2 bilet alıb (adambaşı 15$) özümüzü atdıq meydançaya. Unutdum qeyd edim, BƏƏ-nin pul vahidi dirhəmdir. Qiyməti hesablamaq daha asan olsun deyə dollarla məlumat verdim. 1saat buz üstündə dövrə vurub, yıxılıb, dizimiz əzdikdən sonra Mall-da musiqili Livan restoranında ərəb çayını və  şirniyyatlarını dadmaga qərar verdik.DSC00462compressed

Yüksək xidmət, qəşəng rəqs və dadlı şirniyyatların yaratdığı  xoş təəssüratla restorandan ayrıldıq. Yorgunduq bir az və otelə geri donduk. Dubayın par-parıldayan gecələri gündüzlərindən də  gözəldi. DSC00446compressed

 Tozu dumanına qarışan SƏHRA

İkinci gün üçün planımız Səhra turuna (Safari tour-80$, fevral 2013)  qatılmaqdı. Dubaya gedən hər bir turist mütləq və mütləq bu tura qatılmalıdır. Çünki əsl ərəb həyatı  orda daha yaxından hiss edilir. Saat 3-də otelimizdən “alpha tours”un jeep-ləri  ilə səhraya yola düşdük. Təxminən 1 saatlıq yoldan sonra ucu bucagı görünməyən səhraya çatdıq. Onlarla jeep turistlərə adrenalin yaşatmağa hazır idi. Bir neçə dəqiqədən sonra səhrada toz dumana qarışdı.  Əgər  imkanınız olsa, jeep-də qabaqda oturmağa çalışın, çünki arxa oturacaqlar  bir az narahat olur tur vaxtı. Rus turistlər qapmışdı qabaq oturacaqları.  Jeep-lərlə bir neçə dovrə vurduqdan sonra axşam üçün  səhranın ortasında təşkil olunmuş kiçik şəhərciyə gəldik. 544534_10200692200856545_895839629_nXınayaxdı (pulsuzdur, istəsəniz bəxşiş verə bilərsiniz), qartalla fotosessiya (ödənişli 15$), dəvələrlə gəzinti, sandboard (qum üzərində sürüşmə), yemək, şirniyyat və əlbəttə ki, gözəl rəqqasənin ifasında ərəb rəqsi. Axsam saat 9-da tur başa  çatdı. Jeep-lər hər kəsi gətirdiyi kimi də geri otellərinə çatdırdı.  Gozel bir gün idi və səhərə bizi başqa bir tur – City tour gözləyirdi. City tour (40$)  – günorta  saat 2-də “alpha tours” un avtobus və bələdçisiylə tura başladıq  və ilk istiqamətimiz Burj Al Arab oteli oldu.IMG_0266

Yeddicə ulduzlu otel

Eyfel qülləsi Paris üçün, Azadlıq heykəli Amerika üçün nədirsə, Burj Al Arab da Dubay üçün eyni şeyi ifadə edir. Dünyada yeganə yeddi ulduzlu otel olan Burj Al Arab 1999-cu ildə istifadəyə verilmişdi. Otelin tikintisinə  2 milyard dollar vəsait xərclənib və dünyanın ən hündür 3-cü otelidir. Yelkən şəklində olan bu otelə orada qalmayan turistlərə (bizim kimi) sadəcə 250 m məsafədən şəkil çəkdirməyə  icazə verilir. Otelin içini gormek istəyənlər isə içəridəki cafe restoranda (əvvəlcədən reserv etmək şərtiylə) qurdlarını öldürə bilərlər. Ən ucuzu afternoon tea təxmini 100$. Otelin ən üst  qatında vertolyot meydançası var. Əgər vertolyotunuzla gəlmək istəsəniz, park yerini dərd etməyin 🙂DSC00713

Burj Al Arabın yaxınlığında Wild Wadi su parkı yerləşir.  Burj Al Arab və ətrafındakı digər   bir neçə lüks oteldə qalan turistlərə bu parkdan istifadə pulsuzdur. Burj Al Arab-dan sonra  Atlantis,  The Palm otelə yollandıq. Atlantis oteli Palma adasında  tikilən ilk resort oteldir və  2008-ci ildə istifadəyə verilmişdir. Otel 46 hektar ərazini əhatə edir. Oteldə ailəvi istirahət üçün hər cür əyləncə: akvapark, delfin su parkı, akvarium da fəaliyyət göstərir. Otelin girişinin dəbdəbəsiylə yanaşı böyük akvariumuyla da diqqət çəkir. Balıqlarla şəkillər çəkdirdikdən və bir az da otelin 1-ci mərtəbəsini  gəzdikdən sonra (yuxarı mərtəbələrə qalxmaq qadağandır) turumuza davam etdik. Burj Khalifa-yə çatmamış enerji toplamaqçün bir kafedə yarım saatlıq bir fasilə verdik. Yüngülvari – meyvə  suyu və kekslə mədəmizin başını aldatdıqdan (tura daxildi) sonra yola davam etdik. Qabaqda bizi nə az, nə çox tam 124 mərtəbə gözləyirdi.DSC00677

Göydələnlərin “ƏN”i

Burj Khalifa  Dubayın əsas simvollarından biri  və dünyanın ən hündür göydələnidir. Hündürlüyü 829,8m  olan, tikintisinə  1,5 mlrd dollar vəsait xərclənən Burj Khalifa  6 ilə istifadəyə verilmişdi (2004- 2010). Burj Khalifa-nın 124-cü mərtəbəsinə qalxmaq istəyən hər kəs bilet aldıqdan sonra ciddi yoxlamadan keçirilərək içəri alınır. Qapıdan keçdikdən sonra fotosessiya olur və çıxışda şəkilləriniz sizə satılır. Biz turla getdiyimzə görə ödəniş etmədik, ancaq sərbəst gəzmək istəyənlər  bilet, qiymətlər haqda məlumatı bu linkdən  , turlar haqda məlumatı isə  buradan əldə edə bilər.DSC00725

Yuxarı qalxmaq uçun liftə tərəf gedərkən divarda göydələnin tikintisinə aid   bir  çox məlumata rast gəlmək olar. Liftin qabağında upuzun növbədə, bəlkə də, yarım saat gözləməli olduq. Ümumilikdə, 57 ədəd cox sürətli lift və 8 eskalator mövcuddur göydələndə. 12-14 nəfərlik lift bir göz qırpımında bizi qaldırdı göyün bir qatına. Artıq axşam düşmüşdü və par-par yanan Dubay ayaqlarımızın altında idi. Möhtəşəm mənzərədən zövq alaraq şəkillərimizi çəkdikdən sonra istiqamət aldıq Dubay fontanına.DSC00757

Rəqqasə  fontan

Dünyanın növbəti  “ən” i Dubayın rəqs edən fontanı ilk dəfə 2008–ci  ildə Dubai Mall –un açılış mərasimində istifadəyə verilib. Tikintisinə 210 milyon dollar pul xərclənmiş dünyanın ən böyük rəqs edən fontanıdır. Fontan axşam saat 19.00-22.00 arasında rəqs edir. Fontanın ətrafında müxtəlif restoranlarda şam yeməyi yeyərək fontanın rəqsindən feyziyab ola  bilərsiniz. Bizim seçimimiz Livan mətbəxi oldu. Dubay mətbəxinə Livan mətbəxinin təsiri çoxdur. Sizə də məsləhət gorürük. Və gəldik turun son dayanacağına – Dubai Mall-a.DSC00786

Alış-veriş cənnəti – Dubai Mall

Dünyanın ən çox ziyarət edilən alış-veriş və əyləncə mərkəzi olan Dubai Mall 1200  brend  dükanı,  müxtəlif ölkələrin mətbəxini əks etdirən restoranları,  buz meydançası, qar parkını (Ski Dubai Snow Park) akvarium və sualtı heyvanxana,  həmçinin 1400 dən cox maşınlıq  park yeri və bir çox əyləncə mərkəzini özündə birləşdirir. Hər ilin yanvar ayında təşkil  olunan “Dubai shopping festival” da milyonlarla turist alış-veriş üçün buraya axın edir. Qiymətlər isə heç də ucuz deyil. Ucuz alış-veriş etmək istəyənlər mərkəzdən  kənarda  outlet center-lərə baş çəkə bilərlər. Xüsusi endirimlər zamanı ucuz qiymətə brend mallar almaq olur. Bir cox otel outlet center-lərə pulsuz turlar təşkil edir. Turumuz tamamlandıqdan sonra bir az Dubai Marinada dolaşıb otelimizə döndük. 3 gün  şəhər otelində qaldıqdan sonra bir az da Dubayın çimərliklərindən, büllur sularından, bəmbəyaz qumlarından zövq almaq zamanı idi. Növbəti 3 günü sahildə keçirməkçün  taksiylə sahil otelinə yollandıq.DSC00723

 Taksi növbəsi

Dubay  taksiləri  rahat, kondisionerli və çox da baha deyil. Alış-veriş mərkəzləri və xüsusi taksi dayanacaqlarından kənarda  taksi saxlatmaq bir az çətindir. Yəni ki, harda gəldi əl edib taksi saxlatmayın, durmayacaqlar. Bəzən  alış-veriş mərkəzlərinin qarşısında taksi növbəsinə  rast gəlmək olur. Taksi sürücüləri, ümumiyyətlə, ikinci dərəcəli işlərdə, adətən,  pakistan, hindistan, filippinlilər və.s çalışır. Ərəblər isə adətən işverən qismindədirlər. Bir də bir şeyi qeyd edim ki, taksi srücüləri  yolu uzada bilər.  Bizim sürücü kimi, az qala oteli dolaşıb geri qayıdırdıq. Çətinliklə də olsa, gəlib catdıq otelimizə.(Habtoor Grand Beach Resort & Spa Autograph Collection, A Marriott Luxury & Lifestyle Hotel 5*) 3 günü də sahildə otelin xidmətlərindən, okeandan zövq alaraq keçirdik. Və gəldik  gözəl bir tətilin sonuna. Alpha tours bizi gətirdiyi kimi, geri aeroporta apardı və bir növbəti səfərə qədər deyib  Dubayla sağollaşdıq. DSC00587