Kotora səfər etməmişdən qabaq araşdırma edəndə bu kiçik tarixi şəhərin bu qədər gözəl təəssürat yaradacağını heç təsəvvür etməzdim. Kotor körfəzi sahilində, kürəyini dağlara söykəmiş,  tarixi qala divarları ilə üzük qaşı kimi dövrələnmiş, kilsələri, qalaları, sahilləri ilə bir bütün olan Kotor UNESCO-nun mədəni irsi siyahısına daxil edilmişdir. Əsrlər boyunca müharibələr görən, müxtəlif dövlətlərin hakimiyyəti altında olan Kotor bir yandan da zaman-zaman zəlzələlər nəticəsində dağılmış, günümüzə ancaq bir hissəsi qoruna bilmişdi. 13000 insan yaşayır bu kiçik şəhərdə. Əsas dilləri serb dilidir. Yerli əhali ingilis dilini zəif bilir. Sadəcə turistik yerlərdə ingilis dillilərə rast gəlmək olur. Rus turistlər üstünlük təşkil etdiyinə görə rus dilində elanlara daha çox rast gəlinir. Turistlərin əksəriyyəti kruizlə gəlirlər Kotora. Sahil boyu düzülən gəmilər, bir-biri ilə yarışan yaxtalar, qayıqlar sahilə başqa gözəllik qatır. DSC01227compressed

Otellerə baxarkən Old Town a yaxın, sahil kənarında, körfəz mənzərəli boş yer tapmaq avqust ayında bir az çətin olsa da, mümkündür. Həmişəki kimi, booking.com saytından 3 günlük bir otel seçdik. (Hotel Maria, 2 nəfərlik otaq 80 avro, avqust 2013) Kotoru gəzib görmək üçün 3 gün kifayətdir. Otelə yerləşdikdən sonra qalaya yaxın turist məlumat mərkəzindən turlarla bağlı məlumat almaq istədik. Yaxınlaşar yaxınlaşmaz tur satmaq üçün qızlar ətrafımızı sardı. 20 avroya təkcə Kotor yox, həmçinin Budvaya da götürəcəklərini həvəslə izah etməyə başladılar. Biz maşınla olduğumuza və artıq Budvada 3 günlük ev rezerv etdiyimizə görə tura qatılmaqdan imtina etdik. Mərkəzdən aldığımız  şəhər  xəritəsi ilə Old Town–u gəzməyə başladıq. Qalaya daxil olarkən bir anlıq hansısa tarixi bir filmin içində hiss edirsən özünü. Kiçik meydançalar, onları bir–birinə bağlayan  daş döşəli dar küçələr İçəri şəhəri andırır bir az. Küçələri dolaşarkən bir az itməkdən narahat olduq. Amma, yenə də  dönüb-dolaşıb eyni meydana çıxdıq.

DSC01120compressed

Meydandakı Müqəddəs Tripun (yerli dildə Sveti Tripun) kilsəsi Monteneqronun iki böyük roman katolik kilsəsindən biridir. Şəhərin simvolu olan kilsə turistlərin də ən çox diqqətini çəkən yerlərdəndir. Kilsə  809–cu ildə tikilmiş və tarix boyu dəfələrlə zəlzələ nəticəsində ciddi xəsarət almış. Kilsənin içini  1avro ödəyərək görmək olar.

DSC01182compressed

DSC01136compressedQalanın içi həmçinin otel, restoran, hədiyyəlik dükanları ilə capcanlı olur gün ərzində. Qala  divarları bu şəhəri üzük qaşı kimi dövrəyə almaqla yanaşı onu ən yüksək təpədən izləmək şansı verir gələn turistlərə. Bir az tərəddüddən sonra adambaşına 3 avro ödəyərək 1350 nərdivanı qalxmağa qərar verdik. DSC01192compressedDapdar yol, bəzi yerlərdə qırıq nərdivanlar, isti hava bu yürüşü bir az da çətinləşdirdi. Mütləq özünüzlə su götürün və rahat idman ayaqqabısı geyinin. Yoxsa təpədə kiçik su şüşəsinə 2 avro vermək məcburiyyətində qalacaqsınız. Zirvəyə qaxdıqda oradan görünən möhtəşəm  mənzərə bütün yorğunlğumuzu aldı. Bu əziyyətli qalxmağın bir də enməyi var idi. Təpəyə  qalxarkən: “enmək daha asan olar” – deyə düşünmüşdük. Ancaq yanılmışdıq.

Təpədən endikdən sonra suvenir dükanlarına baş çəkdik. İlk qarşımıza çıxan və ən böyük və baha hədiyyə dükanı “Kotorska suvenir” dən 18 avroya aldığımız suveniri kənar yerlərdəki dükanlardan 13 avroya ala bilərdik. Biz etdik siz etməyin.DSC01202compressedQalanın dar küçələri axşamları daha canlı olur. Bir tərəfdə restoranlardan, klublardan gələn musiqi sədaları, digər tərəfdə küçə musiqiçilərinin ifası, başqa bir yerdə rəssamların əl işləri, canlı heykəllər. Şam yeməyi üçün qala içindəki restoranlardan birini seçdik. Monteneqro mətbəx baxımından zəngin ölkə deyil. Əksər yeməklərində donuz ətinə üstünlük verirlər.  Lakin, balıq yeməkləri, börəklər, pizza və  basqa fast food-larla ac qalmayacaqsız. Xidmətdən çox da razı qalmadıq bəzi restoranlarda. Bir az rahat millətdir monteneqrolular. Hətta Balkanlarda onların tənbəlliyi  haqqında lətifələr də var. Sahildə yan-yana  düzülən 3 restoran körfəzə qarşı nahar və ya axşam yeməyi üçün çox yaxşı seçimdir. Menyuları demək olar ki eynidir.Nahardan sonra (İki nəfərlik yemək, salat və meyvə suyu 40 avro) DSC01293compressed

Perast

Kotor sahilində yaxınlıqdakı Perasta və Saint George  və Our Lady of Rocks adalarına turlar təşkil edilir. Adambaşına 15avro ödəyib qayıq turuna qatıldıq.DSC01246compressed

Kotor kimi Perast da UNESCO–nun tarixi irsi siyahısına daxildir. Perast Kotorun şimal şərqində 14 km məsafdə yerləşən tarixi kiçik  qəsəbədir. Kotor körfəzinin ən dar qismində yerləşən qəsəbənin  əhalisinin sayı 400 dür. Tarixi binaları, müxtəlif dövr qəhrəmanlarına qoyulan heykəllərlə yanaşı, sahil boyu yerləşən kafelər, restoranlar Perastın gözəlliyinə gözəllik qatır. DSC01276compressed

Perasta Kotordan mikroavtobuslarla da getmək olar. Maşınla getmək istəyənlərin isə Perast sakinləri xaric, maşınları içəri alınmır. Kənar bir yerdə park etmək məcburiyyətində qalır turistlər. DSC01277compressed

DSC01279compressed

Our Lady of Rocks

Perastı gəzdikdən sonra Our Lady of Rocks adasına yollandıq. Perastdan St. George və Our Lady of Rocks adalarına kiçik gəmilərlə səfər etmək olur. Bununçün 5 avro ödəməli olacaqsınız. Adanın yaranması ilə bir çox hekayələrvar. Süni ada olan Our Lady of the Rock- un  1452-ci ildə qala divarlarının tikintisi zamanı daşla dolu böyük yük gəmisinin batması nəticəsində əmələ gəldiyi hesab olunur. Adada Roman katolik, kilsəsi, ona bitişik kiçik muzey, suvenir dükanı və dəniz fənəri mövcuddur. DSC01258compressedAdada yerləşən kilsəni ziyarət edib, şəkillərimiz çəkdikdən sonar bəzi rus turistlər boş vaxtdan istifadə edib dənizə girmək istədilər. Ancaq, həmin dəqiqə xəbərdarlıq aldılar, ada ətrafında dənizə girmək qadağanmış. Suları süzülə-süzülə dənizdən çıxmalı oldular. Səbəbi isə açıqlanmadı. DSC01266compressed

DSC01270compressedDSC01269compressed

Our Lady of the Rock adasını geridə qoyub St. George adasına yaxınlaşırıq. Yaxınlaşmaqla kifayətlənməli oluruq, çünki adaya giriş qadağandı. Ada təbiiliyini qoruyub saxlayıb.DSC01251compressed

Gəldiyimiz kimi gəmimizlə Kotora qayıdırıq. Kotorda 3 gün ərzində görüb yaşadıqlarımızı ən qısa üsulda, uzatmadan, yormadan sizə çatdırmağa çalışdım. Sabaha bizi Monteneqronun başqa gözəl şəhəri – Budvaya səfər gözləyir.