Yunanıstan turizm potensialı, dənizi, adaları, tarixi, əyləncəli şəhərləri, zəngin mətbəxi ilə illər boyu bütün dünyanın diqqətini özündə saxlaya bilib. Bəlkə də, səfər etdiyimiz ölkələrin içərisində palnlalaşdırmaqda  ən çox çətinlik çəkdiyimiz ölkədir. Çünki o qədər gözəl guşəsi var ki, hara və necə gedəcəyimizi heç cürə qərar verə bilmirdik. Atatürkün vətəni Salonikəmi,  tarixi paytaxt Afinayamı, mağaralarıyla məşhur Kefaloniyayamı, yoxsa bal ayı cütlüklərinin əvəzolunmazı Santoriniyəmi.  Axır ki, səyahətimizi Salonik-Afina, dönüşdə isə Halkidiki planlaşdırdıq. Serbiyadan maşınla Salonikə (3gün qalmaqla), ordan da Afinaya. Nə az, nə çox 1000 km. 2014-cü ilin  avqust ayında bir az çətinliklə də olsa, aldığımız Schengen viza ilə yola çıxdıq. (Yunanıstan Avropa Birliyi ölkəsidir, Schengen ərazisinə daxildir və pul vahidi avrodur.)

Saloniki

Thessaloniki nə deməkdir – Yunanıstanin ikinci böyük şəhəri, 2000 illik tarixə malik olan  Saloniki şəhərinin adı Yunanca Thessalos ve Niki sözlərinin  birləşməsindən  əmələ gəlmişdir. Adını Makedon şəhzadə eyni zamanda Makedoniyalı  İskəndərin bacısı  Thessalonike – dən almışdır. Kral Filip qızının Thesally-də  alınan böyük zəfər  günü doğulması ilə əlaqədar qızını Thesallonike olaraq, yəni Thesallonian Zəfəri adlandırılmasını istəmişdi.  Roma, Bizans,  Osmanlı dövrlərində hər üç imperiyanın  əsas şəhəri olmuşdur. 500 ilə qədər Osmanlı şəhəri olan Saloniki Balkan müharibələri vaxtı yunan ordusu tərəfindən təslim alındıqdan sonra müsəlman xalqın bir qismi şəhərdən sürgün edilmiş, məscidlərin minarələri dağıdılaraq kilsəyə çevrilmişdi.DSC02390

Festivalları, capcanlı  həyat tərzi və müxtəlif bədii tədbirləri sayəsində Saloniki  Yunanistanın  mədəniyyət mərkəzi hesab olunur. Saloniki beynəlxalq ticarət sərgisi və Saloniki Beynəlxalq Film Festivalı bu tədbirlərdən sadəcə ikisidir. 370000 əhalisi olan Salonikidə iki unuversitet yerləşdiyinə görə gənclər üstünlük təşkil edir şəhərdə. Hərçənd, yayda şəhər boşalır, demək olar ki, hamı Kavala, Halkidikiyə (Salonike 1 saatlıq məsafədə yerləşən yarımadadır) üz turur.

Salonike necə getmək olar: Azərbaycandan Salonikiyə birbaşa uçuş yoxdur,  İstanbuldansa 1 saatlıq məsafədir. Hava limanından şəhərin mərkəzinə 20 avroya taksilər xidmət göstərir. Ya da 0,90 avroya  hər saat başı hərəkət edən 78, 78A  saylı avtobuslardan  da istifadə edə bilərsiniz. Biz maşınla getdiyimizə görə bu kimi xərclərdən uzaq qaldıq. Amma bizə də, avtobanda xərclər çıxdı. 2000km- lik (gediş-dönüş) səfərdə sadəcə avtobanlara 60 avro ödədik. Şəhər içi ictimai nəqliyyat isə avtobus və taksilərdən ibarətdir. Şəhərdə metro yoxdur. Avtobus bileti isə tək gediş 0,80 avro, bileti avtobusun özündən alacaqsınızsa 0,90 avro. Bir günlük bilet isə 4 avro. Avtobuslarda bütün Avropada olduğu kimi bilet tələb olunmur. Əgər yoxlama olarsa və bileti oxutmamısınzsa, cərimə olacaqsınız. (Afinada 40 avro cərimə təcrübəmiz var) Risk etməyə dəyməz.

Otelimizi həmişəki kimi booking.com saytından seçdik.  Otelimiz şəhərdən kənarda yerləşirdi. Yayda, avqust ayında, turistlərin axın etdiyi vaxtda otel tapmaq bir az çətindir Yunanıstanda. (The Royal Hotel Thessaloniki 4*,  iki nəfərlik otaq 80 avro).

Saloniklə tanış olaq

Əsasən üç hissədən ibarətdir: qədim şəhər, şəhər mərkəzi və sahil.

Qədim şəhər: M.K.Atatürkün doğuldğu ev başda olmaqla, əsasən Osmanlı evlərinin üstünlük təşkil etdiyi  şəhərin ən hündür nöqtələrini əhatə edən bölgədir. Yoxuşları çıxmaq bir azca çətin olsa da, Türkiyə Cumhuriyyətinin qurucusu M.K. Atatürkün doğulduğu evə baş çəkməmək olmazdı.  DSC02740

Apostolou Pavlou küçəsində, Türk Konsulluğunda yerləşir ev. Ətrafı polisllərlə əhatəli olan ev  muzeyi həftənin birinci günü xaric hər gün 10.00-17.00 arası fəaliyyət göstərir. Muzeyə giriş sərbəstdir. İçəri daxil olarkən sadəcə ad, soyad və ölkənin adı yazılır. Türk turistlərin ilk baş çəkdikləri ev bir az türklər demişkən, “hayal kırıklığına uğratdı” ziyarətçiləri. Evdə demək olar ki, əşya yox idi. Əşyaların böyük bir hissəsi Türkiyəyə göndərilmiş. Bu da Atatürkə “tapan” türk turistlərin həddən artıq narazılığına səbəb oldu. Evdə Atatürkün büstünün şəklini çəkməkçün təxmini 15 dəqiqə gözləməli olduq. “Atam” deyə -deyə büstün başına pərvanə kimi dolananlar bir az atalarını şişirdilmiş şəkildə sevdilər. Şəxsiyyətə pərəstişin pik nöqtəsinin şahidi olduq. Muzeyi dolaşdıqdan sonra özümüzü atdıq Saloniki küçələrinə.DSC02788

Salonikin ən əsas 3 küçəsi var ki, onlar mütləq görülməlidir: şəhərin şimalında yerləşən və ən böyük küçəsi Egnatia, ondan cənubda, əsasən şəhərin alış-veriş mərkəzi hesab olunan Tsimski və sonuncu  Nikis.

Egnatia küçəsi e.ə. 2-ci əsrdə tikilmiş, uzunluğu 1120 km, eni isə 6m olmuşdu. Salonikinin ən hərəkətli küçəsi demək olar.

 Tsimski isə Salonikin əsas alış-veriş küçəsidir. Bir çox brendin dükanları ilə hər saat canlılığını qoruyur.

Nikis küçəsi isə bizim Bulvar kimi (bulvardan daha dar) sahil boyu  uzanır. Günortalar çox az adama rast gəlinsə də, axşamları hər kəsin sevərək gəzib dolaşdığı küçədir. Velosiped sürənlər, çeşid-çeşid Çin malı satan immiqrantlar (xüsusilə də Afrikalı), sahil restoran, kafe və barlarında əylənənlərlə Saloniki sahilində günortakı sakitliyindən əsər olmur.DSC02307

White Tower: Salonikidə turist məlumat mərkəzinə yaxınlaşıb turlarla maraqlanmaq istəyirdik ki, (Big bus tour) havanın qəfil dəyişməsi, külək qarışıq yağışın yağması ilə turlar təxirə düşdü. Biz də islanmamaq üçün White Tower a sığındıq. White Tower Adambaşı 3 avro ödəyib Bəyaz qülləyə qalxdıq. Qüllə bazar ertəsi – bazar günləri saat 8.00-20.00 arası fəaliyyət göstərir. Daha ətraflı məlumatçün bu linkdən istifadə edə bilərsiniz.

13820776_10210073573985010_280465000_nHündürlüyü 34m, diametri 23m olan silindir şəkilli Qüllə 12-ci əsrdə Bizans imperiyası dövründə tikilmiş, Osmanlı imperiyası dövründə isə bərpa olunmuşdur. Əvvəllər adı Qırmızı qüllə olaraq adlandırılmışdı. Bu da qüllənin zindan kimi istifadəsi zamanı əsrlərin qanlarının divarları boyaması nəticəsində belə adlandırılmışdı. Ancaq sonralar adı Bəyaz qüllə olaraq dəyişdirilmişdir. Hazırda qüllə muzey olaraq istifadə olunur və içərisində tarixə aid eksponatlara rast gəlinir. Qüllənin təpəsindən dənizə və şəhərə gözəl mənzərə açılır. Ən son mərtəbədə isə yunan mətbəxini tanıdan məlumat ekranı və suvenirlər  satılan stendlər mövcuddur. Bəyaz qüllənin yaxınlığında Saloniki çətirləri və Makedoniyalı İskəndərin heykəli yerləşir.DSC02382

Aristotelious meydanı: Salonikin ən böyük meydanı Aristotelious meydanı Salonikin ən məşhur səmtidir və Nikis küçəsində yerləşir. Meydan 1918-ci ildə fransiz arxitektor Ernest Hebrard tərəfindən dizayn edilmişdi. Lakin meydanda əsas tikinti 1950-ci illərdə aparılmışdır. 2000-ci ildə isə meydanın ətrafındakı binalarda rekonstruksiya işləri həyata keçirilmişdir. Meydan birbaşa dənizə açılır və Aristotelin heykəli yer alır. Meydanın ətrafı restoran, kafe, dükanlarla boldur. Axşamları isə meydan insan qaynayır. Meydana çatar çatmaz Afrikalı bir cavan yaxınlaşıb, salamlaşdı,hal əhval tutdu. Hətta Bob Marley-dən mahnı da ifa etdi.Bir də onda ayıldıq ki, mahnı oxuya-oxuya bizə  toxunma qolbaq satdı. Biri 1avro. Sizə uğur gətirəcək, nə bilim nə. Beləcə, çox istiqanlı qarabalanın toruna düşdük. Növbəti günlərdə bu qarabalalara çox rast gəldik. Hamısı da eyni taktikayla yaxınlaşırlar turistlərə: Hey, my friend how are you? Bla bla blaa….. Biz aldandıq, siz aldanmayın. Ya da ki, xatirə qalsın istəsəniz ala bilərsiniz. Qolbaqlar bir az dayanıqsız çıxdı, növbəti gün qopdu 😄DSC02316

Kamara meydanı: Salonikinin ikinci meydanı isə Kamara meydanıdır. Meydan Egnatia küçəsinin yuxarısında Rotundaya  yaxın yerləşir. Gənclərin əsas görüş yeri hesab olunur. Kamara meydanının əsas simvolu isə Galerious Zəfər Tağıdır. Daha çox Kamara adıyla məşhurdur. Galerious Zəfər Tağı e.ə. 298-299-cu illərdə Galerious un İran ordusu üzərinə yürüşü və qələbəsi şərəfinə ucaldılmışdı. Zəfər tağının ancaq 2/3 hissəsi günümüzə gəlib çatmışdır. Tağın üzərindəki işləmələr Galeriuosun hərbi gücü, siyasi iradəsini əks etdirir.DSC02403

Rotunda: Galerious dan 125 m şimal şərqində isə Rotunda yerləşir. Silindirik şəkilli Rotunda eramızın 306-cı ilində Galerious məqbərəsi fikri ilə  tikdirilmişdir. Lakin 311-ci ildə vəfat edən Galerious Serbiyada dəfn edilmiş, məqbərə uzun müddət boş qalmışdır. imperator I Konstantinin əmri ilə kilsə kimi fəaliyyət göstərməyə başlamışdır. Osmanlı dövründə kilsəyə minarə əlavə olunaraq Suleyman Hortaji Əfəndi məscidinə çevrilmişdir. Hazırda yenidən kilsə kimi fəaliyyət göstərir və UNESCO-nun mədəni irsinə daxildir.DSC02405

Panagia Chalkeon kilsəsi: Salonikinin digər bir tarixi kilsəsi  isə Panagia Chalkeon dur. Kilsə 1028-ci ildə Christophoros Lombardy tərəfindən əsası qoyulmuşdur. Yenə Osmanlı dövründə Kazançılar camii olaraq fəaliyyət göstərmiş (1912-ci ilədək), hazırda isə kilsə olaraq istifadə olunur. Qırmızı kərpiclə hörüldüyünə görə “Qırmızı kilsə” olaraq adlandırılır el arasında. Kilsənin çox gözəl bağçası var.DSC02296

Saloniki mətbəxi: Saloniki mətbəxi bizim ağız dadımıza uyğun yeməklər tapmaq çətin deyil. Bütün restoranlarda yunan salatı, cacık, mousakka (musakka), humus, hər cür dəniz məhsullarından hazırlanmış yeməkləri dadmaq olar. Sahil boyu restoranlarda otrurub dənizi seyr edə – edə yeməklərinizdən həzz ala bilərsiniz. İki nəfərlik balıq yeməyi (aşbazın məsləhəti ilə) salat, məzə və meyvə suyundan ibarət şam yeməyi 34 avro. Ancaq istəsəniz şəhərdə hər büdcəyə uyğun pizzacılar, fast food – çularda da doya bilərsiniz. Bir də əgər alkoqol sevirsinizsə ouzanın (bizim araq) dadına baxa bilərsiniz.DSC02764

Saloniki axşamları: Salonikinin axşamları yayda çox canlı olur. Küçə sənətçiləri, yunan musiqi sədaları alttında rəqs edən qruplar, gecə klubları,  hər cür əyləncəylə darixmir insan. Ladadika isə əyləncənin bir nömrəli üvanıdır. Həddən artıq içkiyə düşkün olduqlarından, əyləncə mərkəzlərində qalmaqallara da rast gəlinir.

3 günümüzü Salonikdə keçirdikdən sonra yol alırıq Afinaya.