Screenshot (9)

Çoxumuz viza almaq üçün dəfələrlə səfirliklərə müraciət etmişik. Günlərlə, bəzən həftəylə həyəcanla səfirlikdən gələcək cavabı gözləmişik. Ancaq, bu təcrübəni yaşamayan, ilk dəfə viza alanlarda bir çox sual yaranır. Suallar əsasən bunlardan ibarətdir.

  1. Viza nədir?

Viza bir dövlətin xarici təmsilçiləri (səfirlik, konsulluq) vasitəsilə ölkəsinə səyahət edəcək xarici vətəndaşın pasportuna vurduğu, bununla da, ölkəyə girişinə icazə verdiyini göstərən sənəddir

  1. Viza haradan alınır?

Viza səyahət ediləcək ölkənin səfirliyindən, baş konsulluğu və ya konsulluğundan alınır. Bəzi ölkələrin Fəxri Konsulluqları da viza verə bilirlər.

  1. Viza alarkən hansı sənədlər tələb olunur?

Viza üçün müraciət edildikdə tələb olunan sənədlər səyahətin məqsədinə, müraciət edən şəxsin pasportunun növünə (diplomatik, xidməti, xüsusi) hətta zamana görə fərqlənir.

  1. Viza üçün müraciət edərkən nələrə diqqət etmək lazımdır?
  • İlk növbədə vizaya şəxsən müraciət etmək lazımdır.
  • Pasportun istifadə müddəti vizaya müraciət tarixindən etibarən ən az bir il müddətinə keçərli olmasına xüsusi diqqət edilməlidir.
  • Müsahibə zamanı müsahibin suallarına doğru cavab verilməlidir.
  • Viza üçün müraciət edərkən sənədlərin qaydasında olmasına fikir verilməlidir. Saxta sənədlərlə vizaya müraciət etmək qanunla cinayət hesab olunur.
  • Vizaya müraciət edərkən rədd cavabına əvvəlcədən hazır olmaq lazımdır.
  • Müsahibə zamanı müsahibin haqqınızda pozitiv düşüncəsinin olması viza alma şansını artırır.
  • Səyahət etmək iqtidarında olduğunuz (maddi vəziyyətin səyahət etmək üçün məqbul olduğunu) tələb olunan sənədlərlə təsdiqlənməlidir.
  • İşsizlər, maddi vəziyyəti kifayət qədər olmayanlar potensial qaçqın olaraq qəbul ediləcəyinə görə viza almaq şansı zəifdir. Bunu bilə-bilə viza üçün baş vurmaq vaxt və pul itkisidir.
  1. Kimlərə viza verilmir?

Bir ölkəyə hansı xarici vətəndaşın girə biləcəyinə qərar vermək o dövlətin müstəqil səlahiyyətidir. Bu hal mübahisəsiz qaydadır. Dövlətlər ölkələrinə kimlərin girəcəyini öz mənafelərinə uyğun müəyyən edirlər. Hər dövlətin ölkəsinə girişi qadağan olunan  “istənməyən qonaq” siyahısı vardır. Bundan başqa “istənməyn qonaq” siyahısına daxil olmayan, lakin “potensial ziyanverici” olaraq görülən xarici vətəndaşa ölkəyə verə biləcəyi hər cürə ziyana görə viza verilməyə bilər.

  1. Viza müraciətinə rədd cavabı alınarsa,  necə etiraz etmək olar?

Viza müraciətinin rəddinə etiraz vizanı rədd edən təmsilçiliyə yazılı müraciət edilməklə həyata keçirilir. Etiraza hər hansı müsbət cavab gəlməzsə, məhkəməyə müraciət etmək olar. Ancaq viza rəddinə görə məhkəmələrə müraciət hər ölkədə mümkün deyil. Müraciət edilsə də, məhkəmənin sizin leyhinizə qərar cıxartması ümüdverici deyil.

  1. İlk viza müraciətinə rədd cavabı alınarsa, yenidən müraciət etmək  mümkündürmü?

 Ölkələr vizaya müraciət üçün limit qoymayıb. Ancaq, ikinci müraciət şərtlərində  (maddi vəziyyətdə yaxşılaşma, səyahət məqsədinin fərqli olması) birincidən fərqli dəyişiklik yoxdursa, son müraciət də müsbət nəticələnməyəcək. Bu isə  vaxt və pul itkisinə səbəb olacaq. Belə ki, viza üçün ödənilən məbləğ və digər xərclər geri qaytarılmır.

  1. Viza qaydalarının pozulmasının  cəzası nədir?

 Qayda pozuntusu deyəndə, vizanın verildiyi müddətdən artıq viza verən ölkədə qalmaq və ya vizanı verilmə məqsədi xaricində istifadə etmək kimi hallar nəzərdə tutulur. Məsələn: tələbə vizası ilə işləmək və ya turist vizası ilə təhsil almaq vizadan sui istifadədir. Belə hallara rast gəlinərsə, ölkədən xaric edilə,  ölkəyə girişə müvəqqəti və ya uzun müddətli qadağa qoyula və ya  pul cəzası kəsilə bilər.