Səyahət edən hər bir insanın qarşısında aşılmaz dağ kimi durur  Schengen visa. Bir alan sevinir bir də gəzib gələn. Sənədlərin toplanması, müsahibə, səfirliklər qarşısında növbəyə durmaq, üstəgəl bu qədər əziyyətdən sonra bir də  rədd cavabı alanları təsəvvür etmək belə istəmirəm. İnsanı  səyahətdən soyudur. Ona görə də səyahətə çıxarkən ilk növbədə vizasız ölkələrə üstünlük veririk. Schengen vizasını almaq üçün müraciət edən ölkələr sırasında Rusiya birinci yerdədir. Həmin ölkələrə gedərkən rus turistlərdən də görmək olur bunu.

Bəs bu Schengen viza nədir?

Schengen adını Lüksemburqun kiçik bir qəsəbəsindən almışdır. Məhz bu qəsəbədə 1985-ci ildə 5 Avropa dövləti – Almaniya, Fransa, Hollandiya, Belçika və Lüksemburq sərhədlərindən keçidi asanlaşdırmaq məqsədilə öz aralarında müqavilə bağlamış, bununla da, bu ölkələr arasında sərbəst gediş-gəliş həyata keçirilməyə başlamışdır.Daha sonralar isə digər Avropa ölkələrinin də qoşulduğu bu sistem sərhədlərini ildən-ilə genişləndirmiş 28 dövləti bir sərhəd daxilində cəmləşdirmişdi. Bu dövlətlər aşağıdakılardır: Almaniya, Belçika, Çexiya, Danimarka, Estonya, İspanya, Fransa, İtalya, Kipr, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Macaristan, Malta, Hollandiya, Avstriya, Polşa, Portuqaliya, Sloveniya, Slovakiya, Finlandiya, İsveç, Norveç, İsveçrə, İslandiya ve Yunanıstan.

Schengen bölgəsinə daxil olan hər bir turist ilk yoxlamadan keçdikdən sonra, digər ölkələrin ərazilərinə  yoxlanılmadan daxil ola bilərlər. Schengen viza səfər edəcəyiniz ölkələrin sayından asılı olaraq tək, cüt və çoxgirişli olur.

Həmçinin bax: Viza alarkən diqqət etməli olduğumuz məqamlar.

01.09.2014-cü ildən Azərbaycan və Aİ ölkələri arasında viza sadələşdirilməsi haqqında saziş qüvvəyə mindi və bununla da, Avropaya tez-tez səyahət edən  Azərbaycan vətəndaşlarına bir sıra güzəştlər edildi. Həmçinin  viza rüsumu 60 avrodan 35 avroyadək azaldıldı. Lakin Böyük Britaniya, İrlandiya və Danimarka bu saziş çərçivəsində heç bir öhdəlik üzərlərinə götürmədilər. Bundan başqa Azərbaycan vətəndaşları aldıqları viza ilə Schengen bölgəsində 90 gün müddətində qala bilirlər. Sadələşdirilmiş sistem haqqında əlavə məlumatı bu linkdən ala bilərsiniz.

Schengen vizası üçün lazım olan sənədlər hansılardır?

Hər şeydən əvvəl onu qeyd edim ki, Schengen vizası üçün müraciət şəxsən olunmalıdır və viza  alınarkən bütün sənədlər “yüz ölçülüb bir biçilərək” təqdim olunmalıdır. Hər hansı bir sənədin olmaması vaxt itkisinə səbəd ola bilər. (Yunanıstan səfirliyindən təcrübəmiz var. Biz bir az şanslı idik. Səfirlik əməkdaşı ilə razılaşdıq: sənədi gətirməsək pasportu verməzsiniz. Sənədi gətirdik, pasportumuzu aldıq.)

Viza ən az 7 iş günündə alına bilir. Bəzən isə bir şəxs üçün 3 günə alınan viza digəri üçün 15 günə alına bilər. Şəxsi təcrübəmizdə 1 gündə Schengen viza almışıq, yenə də Yunanıstan səfirliyindən.

İndi isə Schengen viza alınması üçün hansı sənədlərin lazım olduğuna nəzər salaq. Onu da qeyd edim ki, göstərilən sənədlər xaricində səfirlik əməkdaşları əlavə sənədlər də tələb edə biıərlər.

  1. Pasport –viza tələb edilən vaxtdan ən az 1il və ya 3ay müddətinə keçərli olmalıdır. Pasportdakı şəkil aydın, məlumatlar düzgün və digər sənədlərdəki məlumatlarla uyğunlaşmalıdır.
  2. Viza müraciət forması (application form) – səfirliklərin, konsulluqların saytlarından ödənişsiz əldə etmək mümkündür. Forma aydın və oxunaqlı doldurulduqdan sonra imzalanmalıdır (2yerdə).
  3. Şəkil– 2ədəd (3,3x4cm) ölçüdə, son altı ayda çəkilmiş şəkil olmalıdır.
  4. Səyahət sığortası – gedəcəyiniz ölkədə qalacağınız müddəti əhatə edən və bütün Schengen dövlətlərində keçərli olan, 30000 avro təminatlıq sağlamlıq sığortası alınmalıdır. Bütün tur şirkətlərindən səyahət sığortasını  əldə etmək mümkündür.
  5. Otel rezervasiyası – gedəcəyiniz ölkədə qalacağınız yer- otel, hostele ödəniş tamamilə edilməli və oteldən ödənişin olunması haqda təsdiq sənədi alınmalıdır. (emaillə). Əgər bir yox bir neçə Schengen ölkəsinə gedəcəksinizsə, hər bir oteldən eyni qaydada sənəd tələb oluna bilər. Şəxsi təcrübəmizdə Macarıstan, Avstriya, Slovakiya  səfirliyi sadəcə otel rezervasiyası ilə kifayətlənmiş, təsdiqi istəməmişdilər. Yenə də Yunanıstan səfirliyi təsdiq tələb etmişdi.
  6. Dəvətnamə – hər hansı bir şirkət, ailə və ya təşkilat  tərəfindən dəvət olunursunuzsa, həmin qurumlar tərəfindən imzalanmış, möhürlənmiş, ünvan, telefon aydın şəkildə göstərilən dəvətnamə olmalıdır.
  7. Gəlir bəyənnaməsi – iş yerindən arayış ( vəzifə, maaş göstərilməsi şərtdir) və son üç ayın bank hesabı cıxarışı və ya başqa sahədən gəliriniz varsa onu təsdiq edəcək sənəd təqdim edilməlidir.
  8. Nikah haqqında şəhadətnamə – Əgər evlisinizsə, nigah haqqında şəhadətnamənin surəti də əlavə olunmalıdır.
  9. Təyyarə biletinin surrəti – gediş-dönüş biletinin kopyaları da sənədlərə əlavə olunmalıdır.
  10. Turla gediləcəksə, gediləcək turun proqramı və tur paketin ödənişinin edilməsini göstərən sənəd də tur şirkətindən alınıb sənədlərə əlavə edilməlidir.

Bütün sənədlər qaydasında olduğu halda Schengen viza almaq düşündüyümüz dərəcədə də çətin olmur.