Tarix deyəndə ağıla ilk gələn şəhərlərdəndir Afina. Əfsanəvi tanrıları, qədim mədəniyyəti, Olimpiya oyunları, dörd bir yandan dənizlə əhatələnən gözəl təbiəti, mavi-bəyaz adaları, əyləncəli gecələri, borcları, ildə 777 dəfə keçirilən nümayişləri ilə gündəmdə qalmağı bacarır. Adını yunan tanrısı Athenadan alan Afina 1893-cü ildən Yunanıstanın paytaxtıdır.

Təxminən 5 milyon insan yaşayır bu gözəl şəhərdə və Yunanıstan əhalisinin yarısını alıb qanadlarının altına. Afinaya səfərin ən gözəl vaxtı may-oktyabr aralığıdır. Yayda, xüsusilə də, avqustda həddindən artıq isti və nəm gəzmək üçün əlverişli deyil. Bu vaxtlar Afinanın yerli əhalisi əsasən sərin yerlərə köçürlər. Ən isti vaxtda avqust ayında, qovurucu istilərdə getdik Afinaya biz. Thessalonikidən maşınla 520 km məsafə qət etdikdən sonra çatdıq Afinaya. Oteli booking.com saytından seçdik. Athens Lotus Hotel (4*, iki nəfərlik otaq 81 avro) Metaxourgeio Metro stansiyasına yaxınlığında yerləşirdi. Elə buna görə də  əsas istifadə etdiyimiz ictimai nəqliyyat metro oldu.

Afinada ictimai nəqliyyat

Afinada ictimai nəqliyyat metro, avtobus, tramvay, taksidən ibarətdir. Yayda həddən artıq turist olduğuna görə avtobuslar bir az basabas olur. 3 xətdən (yaşıl, qırmızı, mavi) ibarət metro isə gecə saat 23.30-dək açıqdır və mərkəzi ‘Omonia və Syntagma stansiyalarıdır. Bilet qiymətləri isə tək yön 0,80€, gediş-dönüş 1€ (90dəqiqə ərzində bütün nəqliyyat vasitələrində keçərlidir), 1 günlük 3€, həftəlik üçün isə 10 €. (bu biletlərin heç biri aeroporta gedən ekspress avtobus və qatarlarda keçərli deyil). Metroda biletləri oxutdurmaq məcburi deyil. Ancaq əksər Avropa ölkələrində olduğu kimi, qəfil yoxlama olarsa, cərimə olacaqsınız bizim kimi. (40 €) Başı çəkmiş turist olaraq Risk etməməyi məsləhət görürük. 🙂

Metrodan söz açılmışkən Syntagma metro stansiyasından danışmadan keçmək olmaz. Metro stansiyası deyil, sanki arxeologiya muzeyidir. Metro tikilən zaman tarixi abidələr, eksponatlar, yeraltı yollar, qəbirlər aşkarlanmış və elə metrodaca mühafizə edilir. Heç özünüzü xərcə salıb Arxelogiya muzeyinə getməyin, Afinanın hər bucağı muzeydir. Metrodan çıxışda Syntagma meydanına rast gəlinir.File_002

Syntagma Meydanı

Afinanın ən önəmli meydanıdır. Bütün dövlət əhəmiyyətli tədbirlər, tez-tez baş verən nümayişlər bu meydan ətrafında cərəyan  edir. Meydanda Parlament binası yerləşir ki, onun da önündə “Naməlum əsgər” heykəli yer alır. Bu “Naməlum əsgər”i də  ətəkli, topuzlu ayaqqabılı iki əsgər (evzone) mühafizə edir. Ətəkləri 400 qatdan ibarətdir bu evzone –ların. Bu qatların hər biri ölkənin Osmanlı imperiyasının əsarətində 400 il qalmağına işarədir. Hər saat başı bu əsgərlərin növbə dəyişmə mərasimi, bazar günləri isə saat 11-də “parad”ı olur.  Afinaya gəlsəniz mütləq əsgərlərin növbə dəyişmə mərasimini, paradı izləyin. Syntagma meydanından sonra Afinanı kəşf üçün “Big bus tour” a qatıldıq. Adambaşı 20€. İlk gedəcəyimiz yer Afinanın hər yerindən insana “gəl-gəl” deyən Akropolis oldu.File_002 (2)

Akropolis

E.ə. 5-ci əsrdə ucaldılan Akropolis  nəinki Afinanın, bütün Yunanıstanın simvolu, Avropanın ən qədim tarixi abidələrindəndir. Afina şəhəri də Akropolisin ətəyində salınmışdır. Şəhərdən 90m yüksəklikdə yerləşən Akropolis Afinanın qoruyucu tanrısı Athena üçün tikilmişdir. “Akro” “yüksəklikdə olan” və “polis” “şəhər” deməkdir. Pentelikon Dağından  çıxarılan xüsusi  bir mərmərlə, Afina Nike Məbədi, Parthenon, Erekhtheion ve Propylaion inşa edilmiş,  ancaq zamanla Roma İmperiyasının zəifləməsiylə bu abidələr hücumlara məruz qalmışdı. Osmanlı imperiyası zamanı isə  Akropolis qala olaraq istifadə olunmuşdu. Osmanlı dağıldıqdan sonra isə ondan qalan hər şey məhv edilərək antik qalıntılar  üzərində bərpa işləri həyata keçirilmişdi.File_006

Akropolisə giriş biletlədir və qiyməti 20€ -dur. Giriş saatları isə 8.00-19.30 dur.  Girişdə dar yol var ki, özü sizi təpəyə qaldırır və “Müqəddəs yol” adlanır. Havanın çox isti olmasına, günün ən qızmar vaxtının olmasına baxmayaraq Akropolisdə turist əlindən tərpənmək olmur. Səhər və axşam isə turistlər daha az olur, halbuki ən gözəl vaxt elə günün bu saatlarıdır. Çünki günorta o qədər isti olur ki, nə vaxt yandığınızı heç hiss eləmirsiz.

Parthenon (Parfenon)

Akropolisin ən böyük, dünyanın isə ən qədim  məbədlərindən  olan Parthenon Athena  tanrısına həsr olunmuşdur. E.ə. 4-cü əsrdə tikilmiş Parthenonun mənası “Bakirə məbədi” deməkdir. Abidə Bizans imperiyası dövründə kilsə, Osmanlı dövründə isə məscid, bir müddət isə barıt anbarı kimi istifafə edilmişdir. 19-cu əsrin əvvəlində Lord Elgin Parthenonun bir çox heykəllərinin və sütunlarının İngiltərəyə daşınmasına nail olmuşdur. Hal-hazırda həmin mərmərlər British museum-da qorunur.File_008 (2)

Erekhtheion ve Karyatides

Akropolisin digər görkəmli abidəsi isə Erekhtheion – Parthenonun şimalında yerləşir. Erekhtheion-un şərq hissəsindəki sütunlar ionik (ionic) tərzdə olduğu halda, qərb hissəsindəki sütunlar üzləri ilə fərqlənən 6 ədəd qadın formasında Karyatides -dən ibarətdir. Məbəddəki heykəllər  əsl deyil. Əsllər Akropolis muzeyində qorunur.

Akropolis muzeyi elə Akropolisin cənubunda yerləşir. Əsası 2003-cü ildə qoyulsa da, açılışı 2009 –cu ildə olub. 14000 kvm ərazidə 4000 tarixi tapıntı saxlanılır. Muzeyə giriş pulludur. Afina əslində açıq hava muzeyidir. Hər addım başı bir tapıntıya rast gəlinir, metroda, yolda hər yerdə. Biz muzeyə baş çəkmədik.File_001 (4)

Plaka

İsti hava bir az da yorğunluqdan sonra Akropolisin ətəyində yerləşən Anfiotikadan keçərək  Afinanın qədim yaşayış məskəni olan Plakadakı kafelərin birində oturub limonat içmək və ya yunan dondurmasının dadına baxmaq məsləhətdir. Plaka əsasən gündəlik yunan həyatının hökm sürdüyü məkandır. Yəni dar küçələr, mavi-bəyaz yunan evləri, kiçik suvenir dükanları, kafelər, restoranları ilə məşhur bölgədir. Günortalar çox adama rast gəlməsək də, axşamları bu dar küçələr insan qaynayır. Restoran, barlardan ucalan yunan musiqiləri isə Plakanı daha da canlandırır.

Monastiraki

Monastiraki meydanı Afinanın ən canlı mərkəzi meydanıdır. Monastiraki metro stansiyası meydanda yerləşir (Line1 və Line 3 xətləri xidmət göstərir) Meydanı, bazar günləri qurulan bit bazarı (ikinci əl mallar satılır),  suvenir dükanları, küçə sənətçiləri daha da maraqlı edir. Buradan xatirə olaraq suvenirlər ala bilərsiniz. Ucuz, baha hər cür qiymətə suvenirlər tapmaq olar. Endirimi bir az çətin edirlər. 22 avroya bir suvenir aldıq. Endirim istədik satıcıdan, qadın bizə: “Sizin üçün o pul heç nədir, amma bizimçün 1 avro da puldur” – dedi 😄

Meydanın cənub hissəsində Tzisdarakis məscidi yerləşir. Məscid Osmanlı dövründə,1759-cu ildə tikilib, hazırda isə Yunan xalq sənəti muzeyi  kimi istifadə edilir. Yunanıstan yeganə ölkədir ki, burada məscidlər istifadəyə bağlıdır.DSC02523

Axşamları həddən artıq izdiham olur meydanda. Hər küncdə bir canlılıq. Rəqqaslar, müxtəlif musiqi alətində ifa edən küçə sənətçiləri, yallı gedən yunanlar, dolub-daşan restoran və kafelər. Vur  çatlasın, çal oynasın. Meydanı genişləndirmək  lazımdır. 😀

Kotzia ve Omonia Meydanı

Monastiraki meydanından sonra Afinanın digər iki meydanı Kotzia və Omnia meydanlarıdır. Monastiraki metrosunun yaxınlığında yerləşən Kotzia meydana gedən yolda isə Afinanın əsas bazarı yerləşir. Yolun solunda meyvə-tərəvəz, sağında isə balıq və ət bazarı yerləşir. İstəsəniz buradan zeytunyağı, zeytunyağlı sabunlar, hər cür meyvə-tərəvəz ala biərsiniz. Bazardan sonra isə Kotzia meydanı görünür. Əvvəllər turistlərin əsas ziyarət etdiyi meydan olduğu halda. Monastiraki və Plaka meydanları turistləri özünə cəlb etməyi bacarmış.

Panathenic Stadionu

Stadion e.ə. 330-cu ildə Agra və Ardettos təpələrinin arasında tikilmişdir.  Digər adı Kalimarmaro stadionudur. Dünyada yeganə stadiondur ki, tamamilə mərmərdən tikilmişdir, ilk müasir Oplimpiya oyunları da məhz bu stadionda 1896-ci ildə keçirilmişdir. 50000 insanı eyni anda qəbul edəcək həcmə malikdir. Stadiona giriş biletlədir, qiyməti isə 5 avrodur.File_004 (1)

Afinada nə yeyək, nə içək?

deyənlərə yunan mətbəxi Saloniki yazımızda qeyd etdiyimiz kimi, bizim agız dadımıza uyğun bir daddır. Bütün restoranlarda təklif olunan yunan salatı, toyuq və ya donuzdan hazırlanan –souvlaki, thanasis (dana şiş), gyros, mousakka (musakka), hər cür dəniz məhsulları, məzələrdən  tzatziki (cacık), homous  (humus) – bir sözlə zəngin, həmçinin bizə dad olaraq yaxın mətbəx. Milli içkiləri isə ouza (araq), su yerinə içirlər. Qiymətlər isə başqa Avropa ölkələri ilə müqayisədə münasibdir. (iki nəfərlik thanasis, salat, meyvə suyu 25 avro)

Bir şeyə diqqət etmək lazımdır. Yunanıstanda yemək sifariş edərkən və ya şirniyyat istəyərkən turk paxlavası, turk yoğurtu deməyin, ümumiyyətlə türklərlə əlaqələndirməyin heç nəyi. O dəqiqə üz ifadələri dəyişir.

Afinada festivallar

Afinada il ərzində rəngarəng Festivallar keçirilir.

Dionysos Şərab  Festivali – fevral

Video Sənət Festivali – may

Rockwave Musiqi Festivalı – iyun

Epidaurus Ənənəvi  Sənət  ve Rəqs Festivali – iyun

Afina Film Festivalı – sentyabr

Afina Tango Festivali – oktyabr

Afina Marafonu – noyabr

Afinada gecə əyləncə mərkəzləri

əsasən 3 küçədə cəmləşib: Plaka, Psiri, Gazi. Gecə klublarının əsas məskəni Plakadır. Barlar isə əsasən Psiridə cəmlənib. Meyxanalarsa Gazidə yerləşir. Pulumuz yoxdu deyirlər hər kəlimələrində, ancaq əyləncədən də qalmırlar.

Bir gözəl səfərin sonuna çatdıq. Biz Afinanı danışa biləcəyimiz hekayələr içinə qatdığımız üçün şanslıyıq. Sizin də nəinki Afinanı, dünyanın hər yerini gəzmək üçün şansınız olsun.