Avstriyanın paytaxtı, Avropanın isə musiqi, incəsənət mərkəzi Vyana istər memarlıq abidələri, istər tarixi əsərləri ilə, istərsə də təbii gözəllikləri ilə insanı özünə valeh edir. Vyana səyahətçilərin görmək istədiyi “bir nömrəli”lər arasında ilk yerlərdə olan şəhərdir. Vyananı bəzənib-düzənmiş təzə  gəlinə bənzətdim. O qədər özənli, düzənliydi ki, adam qıymırdı ayaq basmağa.  2 milyona yaxın insana ev sahibliyi edən bu gözəl şəhərdə əsas dil alman dilidir, ancaq ikinci dil – ingilis dilinə  insanların əksəriyyəti hakimdir. Sözün açığı, Vyanaya səyahət planlaşdırarkən onların da almanlar kimi “soyuq” millət olduğunu düşünürdüm. Ancaq yanılmışam. Demək olar ki, kimə sual ilə yanaşdıqsa, heç biri cavabsız qoymadı. Əllərindən  gəldikcə ətraflı məlumat verdilər, sağ olsunlar. Burdan onlara Danke Schön demək istəyirəm 😄File_000 (29)compressed

Vyanaya səfərin ən yaxşı vaxti yazın sonu və yay aylarıdır. Qışda Alp dağlarından əsən dondurucu yellər adamın iliyinə işləryir. Ancaq bələdçimizin dediyinə görə yeni il ərəfəsində  (2016) 600.000 turist gəlibmiş Vyanaya.

Biz Vyanaya mayın əvvəli səfər etdik. Maşınla  Serbiyadan Budapeştə (1gün orada qalmaqla) oradan isə Vyanaya. Oteli həmişəki kimi booking.com saytından seçdik. (Starr İnn Wien  Schönbrunn hotel, 2 nəfərlik otaq  95avro) Otelimiz şəhərin mərkəzindən kənarda ancaq Langenfeld metro stansiyasının yanında yerləşirdi. Vyanada əgər metro yaxınlığındadırsa otel heç də mərkəzdə qalmağa ehtiyac yoxdu. Biz maşınla səyahət etdiyimiz üçün, şəhərin  mərkəzində isə  park problemi olduğuna gorə bir az kənar oteldə qalmalı olduq. Otelimiz yeni, oteldi. İşçiləri  isə çox  yardımsevər, bir sözlə hər şeydən razı qaldıq. Otelə  yerləşdikdən sonra İlk gün yol yorğunluğu və günün yarısı yolda keçdiyinə görə tanışlıq  məqsədiylə ilk getdiyimiz yer  Stephansplatz oldu.

U Bahn – Vyana metrosu

Vyananı araşdırarkən ilk baş çəkilməli  yer olduğunu oxumuşdum Stephansplatz-ın. Odur ki, heç düşünmədən Metro ilə yollandıq Stephansplatz-a. Vyananın çox gözəl metro sistemi var. Gözəl deyəndə, mərmərli, bəzəkli nəzərdə tutmuram. Çox funksional. Yoxsa bəzək deyilən şey yoxdu metrolarda, suvağı çəkib metronu istifadəyə veriblər 😃 əsas da funksionallıqdır.  Şəhərin hər  nöqtəsinə metro ilə rahat getmək mümkündür. Ancaq bir az bahadır. Bir tərəfli bilet 2,2€.. 24 və 48 saatlıq biletlər də var.  Bileti elə metronun girişindən aldıqdan sonra oxudub, üzərinə tarixin düşdüyünə əmin olun. Digər Avropa ölkələrində olduğu kimi Vyanada  da biletsiz ictimai nəqliyyatdan istifadə edə bilərsiniz. Ancaq qəfil yoxlamaya rast gəlsəniz cəriməsi yüksəkdir. Risk etmək məsləhət deyil. Yunanıstanda 40avro cərimə təcrübəsindən sonra quzu kimi  biletimizi aldıq. Vyana metrosu qırmızı, yaşıl, qəhvəyibənövşəyi xətlərdən ibarətdir. Əsas görüləcək yerlər qırmızıyaşıl xətlər üzərindədir. Əgər Vyanaya təyyarəylə gəlsəniz, yenə də nəqliyyatda problem yaşamayacaqsınız. Aeroportdan “ Cat-city Airport  train” sürətli qatarları sizi 15-20 €  müqabilində şəhərin mərkəzinə 15dəqiqəyə çatdırır. Avtobuslarla gəliş isə 30dəqiqə sürür. Taksilər bir az baha başa gəlir. Pulunuz varsa, o başqa məsələ. Şəhər içi ictimai nəqliyyat sisteminə isə  avtobus, tramvay, metro, taksi və velosipedlər  daxildir.DSC_7689compressed

 Stephansplatz

Stephansplatz (Ştefansplatz oxunur) meydanına metro ilə rahatca getmək mümkündür. Meydan U1 (qırmızı) və U3 (qırmızı) xətlərin üzərindədir. Stephansplatz-a  çatan kimi qarşımıza xüsusi geyimdə klassik  konsert bilet satıcıları çıxdı və elə oradaca bizə bilet satmağa çalışdı. Dedik: “ay qardaş, hələ indicə çatmışıq, qoy bir nəfəs alaq” Dedi: konsert bu axşamdı, ki bəs səhərə  bilet  olmayacaq, hələ sizə endirim  də edirəm (10€ endirim). Nəisə ki, biletçidən canımızı yenicə qutarmışdıq ki, qarşımıza Big Bus tour –cular çıxdı. Getdiyimiz hər ölkədə, demək olar ki, bu turlara qatılmışıq. Həm məlumatlı, həm də avtobusla şəhərin əsas turistik yerlərinə birbaşa apardığı üçün. Ənənəyə  sadiq qalıb həm  qırmızı, həm də mavi tur aldıq. Adambaşı 30€. Bilet 3 gün müddətinə keçərlidir. Tura həmçinin pulsuz gəzinti turu da daxildir. Konkret vaxtlarda (bələdçilər elan edir vaxtı) məlumatlı bələdçilər sizi şəhərin gözəllikləri ilə tanış edir. File_001compressed

Stephansdom – Müqəddəs Stefan Kilsəsi

Stephansplatz – Ştefan meydanı adını dünyanın ən hündür kilsələrindən olan  Stephansdom–dan (Müqəddəs Stefan Kilsəsi)  götürmüşdü. Stephansdom (Stephanskirche) Avstriyanın əsas simvoludur. 1147-ci ildə Gotik üslubunda tikilmiş bu katolik kilsə Vyana baş yepiskopu Kristof Şönbronun iqamətgahıdır. Dəfələrlə yanmış, xəsarət almış, ən son IV Rudolf tərəfindən geniş şəkildə bərpa edilmiş, əvvəlki kilsənin yerində ucaldılmışdı. Kilsənin iki qülləsi var, biri təmirdə idi. Bələdçimiz deyir ki, 41 ildi Vyanada yaşayır, hələ də kilsənin təmirsiz  halına rast gəlməyib. Kilsəyə giriş pulsuzdur. Ancaq ianə qutularına da rast gəlinir. İstəsəniz ürəyinizdən keçən məbləği qutulara ata bilərsiz. Kilsədə  hər hansı bir ayin varsa, müəyyən yerə qədər girişə icazə verilir. File_000

Kilsənin iki qülləsinə  isə giriş pulludur. Lift və pilləkanla qalxmaq olar. Pilləkən qismi təmirdə olduğuna görə, 335 pilləkanı qalxmaqdan azad olduq. Liftlə qalxmaqçün isə adambaşı 5,5€ ödəməklə qülləyə çıxmaq mümkündür. Bu ödənişin də kilsənin təmirinə dəstək məqsədilə olduğunu deyirlər. Qüllədə bir də suvenir sikkə aparatı da var ki, 1€ atmaqla üzərində Stephasdom-un şəkli olan sikkə ala bilərsiniz. Qüllədən, desəm ki, çox gözəl mənzərə görəcəksiz, yalan olar. Amma şəhəri yüksəkdən görəcəksiniz. Stephansplatza yaxın Mozartın  ev muzeyi yerləşir. 1may Avstriyada da bayram olduğundan biz bir çox muzeyə gedə bilmədik.DSC_7647compressed

Graben strasse – Graben küçəsi

Stephansplatz-ın cənub və şərqindən məşhur shopping küçəsi kimi tanınan Graben və Karntner Strasse uzanır.

Keçmişdə meyvə-tərəvəz bazarı olan Graben küçəsi, hazırda Vyananın ən hərəkətli küçəsidir. Məşhur brend dükanları, kafe və restoranların, suvenirliklərin bolluğu ilə turistlərin ən sevimli məkanıdır. Graben küçəsinin ortasında ucaldılmış Vəba Abidəsi 1679-cu ildə İmperator I Leopoldun əmri ilə şəhərdə yayılan vəba xəstəliyindən  ölənlərin xatirəsinə ucaldılıb. İlk olaraq müəllif Johann Frühwirth taxtadan inşa edib abidəni. Sonradan isə Matthias Rauchmiller mərmərdən hazırlayıb. Lakin abidə tamamlanmadan Matthias Rauchmiller dünyadan köçüb. Nəhayət, 1693-cü ildə  heykəltəraşlar Tobias Kracker və Johan Bendel abidəni  tamamlayiblar.DSC_7499compressed

Hofburg sarayı

Graben küçəsinin sonunda, Michaeler Meydanında  isə Habsburgların (Avstriya Macarıstan imperator ailəsi)  qışlıq sarayı Hofburg yerləşir. 1694-cü ildə tikilən, xanədanlığın imperator və kraliçalarının  (həmçinin Franz Joseph və sevgili həyat yoldaşı Sisinin) ömür boyu yaşadıqları saraydır. Saraya illərlə əlavələr edilib, yəni hər gələn bir bina yanaşdırıb və saray getdikcə böyüyüb, bir neçə  memarlıq üslubu bir – birinə qarışıb. Bir də saraya bitişik atçılıq binası var ki, burda da atlarla 80 dəqiqəlik göstərilər olur.  Biz sarayla çöldən tanış olduq. Sizin vaxınız olsa, Habsburgların bu möhtəşəm sarayını ziyarət edin. File_000 (34)compressed

Anker saatı

 Küçələri dolaşarkən qarşımıza Anker saatı cıxır. 1911-1914-cü ildə heykəltəraş Franz von Matsch tərəfindən hazırlanmışdı.  Anker sığorta şirkətlərinin binaları arasına qurulduğu üçün Anker saatı adlanır. Üzərində 12 məşhur şəxsiyyətin şəkli yerləşir ki, hər saat tamamında biri xatırlanır.

DSC_7538compressed

 Wiener Staatsoper – Vyana Opera binası

Opera binası Vyananın 19-cu əsrdə tikilmiş möhtəşəm görüntülü binalardandır. Vyanaya gəlib Operaya getməyənləri döyürmüşlər. 🙂 Operaya gedə bilməyənlərçün  binanın çölundə böyük bir ekran yerləşdirilib. Ürəyi orada olub imkanı və ya vaxtı çatmayanlar o böyük ekrandan operanı az da  olsa, canlı izləməklə qurdlarını öldürə bilərlər.File_000 (33)

Karlskirche – Karls kilsəsi

Karlsplatz  metrosundan çıxan kimi Karlskirche (Karls kilsəsi) qarşımıza cıxır. Onun da qarşısında böyük bir hovuz. Karls kilsəsində klassik musiqi konsertləri verilirmiş. Kilsədə konsert ilk dəfə eşidirdim. Önündə xüsusi geyimli bilet satıcıları olur ki, yaxınlaşmağa peşman edirlər adamı. Ətraflı məlumat, konsertə  dəvət, maraq yaratmaq və bilet  satmaqçün bütün hünərlərini sərgiləyirlər. Kilsənin yaninda isə Vyana Texniki  Universiteti yerləşir.File_000 (1)

Naschmarkt

Vyananın bazarı Naschmarkt də Karlsplatz metrosuna yaxın yerləşir. İlk baxışda səliqə səhman gözə çarpır. Bazarda satıcıların əksəriyyəti türklərdir. Satılan məhsulların bir çoxu qramla satılır. Zeytun, meyvə quruları, qızıl balıq və s. Bazarda kafelər var, oturub dincinizi ala bilər  və ya bizim kimi (otelin səhər yeməyinə  gecikdiyimizçün) səhər  yeməyinizi  yeyə bilərsiniz. (iki nəfərlik səhər yeməyi 13,40 €)File_001 (14)compressed

MuseumsQuartier

Vyana muzeylər şəhəridir.  Təxmini 150 muzey var ki, hər birini gəzmək, hələ bunu 3-4 günlük səfərə sığışdırmaq bir az çətindir. Ona görə əvvəlcədən maraqlı olan muzeyləri seçib getmək daha yaxşı olar. Bir də bütün  vaxtı muzeydə keçirməkdənsə, özünü  şəhərin küçələrinə atmaq daha zövqlüdür. Əgər çox muzey gəzməyi planlaşdırsanız, onda Viennapass kartı almaq məsləhətdir, endirimlərlə bu linkdə məlumat əldə edə bilərsiniz. Biz 2 muzeyə getdiyimizə görə almadıq.  DSC_7671compressed

 Mariahilfer küçəsinin bir başında  Westbahnhof dəmir yolu stansiyası, o biri  başında isə MuseumsQuartier yerləşir. 70-ə yaxın muzey var bu səmtdə. Keçmişdə axır olaraq istifadə edilən bu səmt indi Vyananın önəmli binaları, Parlament binası, Volkstheatre, Volksgarden, Rathaus ( bələdiyyə binası)na ev sahibliyi edir.  Bura fotoqraflar üçün bir cənnətdir. Şəkil çəkən çəkənə.DSC_7760compressed

Shönbrunn schloss – Şönbrun sarayı

Big bus tour –la  yollandıq  Shönbrunn schlossa (Şönbrun sarayı). Schönbrunn sözünün mənası  “nə gözəl bulaq” deməkdir.  Məşhur Habsburg  xanədanlığının yay üçün nəzərdə tutulmuş sarayıdır. Bağ evi də deyə bilərik. Şəhərin mərkəzindən 20 dəqiqəlik məsafədə yerləşir saray. Metronun U4 (yaşıl) xəttindən istifadə edərək Schönbrunn stansiyasında enməklə  saraya getmək olar. Sarayın  yaxınlığında canlı heykəllərlə az bir məbləğ qarşılığında şəkillər də çəkdirə bilərsiniz.DSC_7457compressed

Shönbrunn yay sarayı olduğu üçün böyük bağa sahibdir. Bağa giriş iki yerdən mümkündür: əsas və yan giriş. Həyətin əsas girişinin sol tərəfində bilet satışı və informasiya yeri var ki, turist əlindən tərpənmək olmur. Nəzarətçi qadın bizə saray binasınn girişindən bilet almağı və növbədə durub boşuna vaxt itirməməyi məsləhət gördü. Ən yaxşısı isə online istədiyiniz muzeyin biletini əvvəlcədən almaqdı.File_000 (35)compressed

1996-cı ildə UNESCO-nun qoruması altına alınan saray bütövlükdə 1441, böyük bir ərazini əhatə edən gözoxşayan bağçadan, Avropanın ən böyük zooparkı olan İmperial zoodan ibarətdir. Sarayı dolaşmaq üçün 2 tur satılır: Grand tour (50 dəqiqə, 16,40 avro) və İmperial tour (35 dəqiqə, 13,30 avro). Grand turun İmperial turdan  fərqi əlavə olaraq Maria Theresia nın da otağını görməkdir.

Kimdir bu Maria Theresia? Avstriya İmperiyasının güclü qadınlarından, 1740-cı ildə atası imperator VI Çarlsın ölümündən sonra 1780-ci ilədək ölkəni idarə etmiş yeganə imperatriçadır.  16 övladı anası, 11 qızını Avropanın ən məşhur kral və şəhzadələrinə ərə verərək ölkənin siyasi həyatına dəstək olan qadın.File_006 (7)compressed

Biz “İmperial tour” (35 dəqiqəlik) tur aldıq və audio bələdçiylə sarayı gəzdik. Bütün muzeylərdə olduğu kimi burada da şəkil çəkmək qadağandı.  Ancaq “qadağalar onları pozmaq üçündür” – deyib, gizlincə bir az şəkil çəkə bildik. Hətta buna görə xəbərdarlıq da aldıq :). Sarayın təmtərağı, otaqların bəzəyi,  istifadə edilən əşyaların zənginliyində  Habsburg xanədanının əzəməti özünü göstərirdi.File_004

Avstriyanın ən gənc imperatoru Franz Jozeph 1830-cu ildə bu sarayda doğulmuş və 1916-cı ildə 86 yaşında vəfat etmişdir. Franz Jozeph-in həyat yoldaşı imperatriça Elizabeth (Sisi) bu sarayda yaşamış və imperatorun cox sevdiyi qadın və bir az da ozünəməxsusluqları ilə Avstriyada ünə sahib olan maraqlı xarakterdir. Ömür boyu səyahətlərdə olan, daim bədən quruluşunu qorumaq üçün diyetada olan, idmana, atçılığa xüsusi marağı olan, incə bədənə, gözəl saçlara malik olan, bir görüşü ilə imperatoru dünyanın ən xoşbəxt kişisi edən qadın olaraq yaddaşlarda qalmışdı. Lakin səfərlərinin birində, 60 yaşında, Cenevrədə ikən italyan anarxist Luigi Lucheni tərəfindən  ürəyindən bıçaqlanaraq  öldürülmüşdü. Vyanada bütün suvenir dükanlarında Sisinin rəsmi, adı olan hədiyyəlik əşyalara rast gəlinir. Bir növ Vyanan simvollarındandır.

İmperial Zoo

Sarayın arxa  bağçasında zoopark yerəşir. 1752-ci ildə açılan zoopak dünyanın ən qədim zoopakı hesab olunur. Digər zooparklardan  fəri olaraq zəngin faunaya malik olan bu zooparkı bir günə  gəzib bitirmək mümkün deyil. Ona görə də giriş bileti əvvəllər 3 günlük olaraq satılırmış. Biz qısa  səfərimizə Zooparkı sığışdıra bilmədik.File_005 (18)compressed

Sarayın bağçasına bir də labirint var ki, girdin, çətin çıxa bilirsən. Labirint də biletlədir, qiyməti 5,20€-dur. Sadəcə sarayın bağçasında dolaşmaq pulsuzdur.File_002 (1)compressed

Bağçanın ərazisi çox geniş olduğundan gəzmək ən az 3 saat  alır. Əgər vaxtınız azdır,  gəzərək çox vaxt itirmək istəmirsinizsə, panorama qatarlarla gəzintiyə qoşula bilərsiz, qiyməti 7€. Səhər saat 10.10–dan axşam 17.10-dək fəaliyyət göstərir. Sarayın yan girində “Schönbrunner Panorama Bahn” lövhəsi mövcuddur. Qatarla gəzinti günlük olduğuna görə bağın istənilən yerində düşüb dolaşdıqdan sonra isə yenidən qatarla gəzməyə davam edə bilərsiniz. Vyanaya getsəniz, bu sarayı mütləq və mütləq görün. Şönbrun sarayından birbaşa Big Bus turun mavi xətti ilə Belvedere sarayına  yollandıq. Saraya “D” tramvayı ilə də  getmək mümkündür.

Belvedere Sarayı

Saray 1668-1745 ilərdə  Savoy Prinsi  Eugen tərəfindən memar  Johann Lucas von Hildebrandta tikdirilmişdir. Barok üslublu Upper və Lower Belvedere -dən (yuxarı və aşağı) ibarət olan, bir-birinə  çox geniş  ve göz oxşayan  bir bağla bağlıdır. Sarayda bir də Orangery (portağal bağı ) var.File_000 (38)compressed

Hal-hazırda  muzey  olaraq  istifadə edilən  binalarda (əsasən də Yuxarı Belvedere-de) məşhur avstriyalı rəssam Gustav Klimtin dəyərli əsərlərindən (Judith I, Adam and Eve, ve Cottage Garden with Sunflowers) ibarət böyük kolleksiya qorunur. Onun “The Kiss “ əsəri isə saraya gələn turistlərin bir nömrəli maraq nöqtəsidir. Klimtlə yanaşı, Egon Schiele “Facade of a House” (1914), Oskar Laske “Ship of Fools” (1923), Maximilian Opp və s. məşhur rəssamların əsərləri sərgilənir. Yuxarı Belvedere giriş biletlədir və qiyməti 14 avrodur.File_000 (37)compressed

Yuxarı Belvedere Sarayının  ən əsas  xüsusiyyəti  isə II. Dünya müharibəsindən sonra, 15 may  1955-ci ildə Avstriyanın  müstəqillik aktının bu sarayda imzalanmasıdır.

Aşağı Belvedere isə Prins Eugene–in yaşadığı ev olub. Yuxarı Belvedere-dən fərqli olaraq Aşağı Belvedere sarayı daha sadədir. Saraya giriş biletlədir və qiyməti 12avrodur. Əgər seçim etmək məcburiyyətində qalsanız, Yuxarı Belvedere sarayına üstünlük verməyiniz məsləhətdir. Çünki burada  daha zəngin kolleksiya ilə tanış olacaqsınız.File_000

Bütün bu saydığım möhtəşəm binalar, saraylar, abidələr, heykəllər Dunay çayının qərbində yerləşən Vyananın bir parçasıdır. Bir də bu şəhərin digər tərəfi, Dunayın şərq hissəsi var, onun haqda isə ikinci bölümdə daha ətraflı…