Dunay çayının içindən keçdiyi dörd paytaxtdan biri olan Vyana sadəcə klassik, barok üslublu binalardan, saraylardan, muzeylərdən ibarət deyil.  Bu gözəl şəhərin bir də çayın şərqində yerləşən müasir Vyanası var. Daha çox immiqrantların məskunlaşdığı, yeni göydələnlərin ucaldığı bir Vyana. Dunay çayı isə bu iki Vyananı bir-birinə bağlamaqla yanaşı sahilində olan hər cür əyləncəylə bu şəhərin insanlarının sevimli məkanıdır. Xüsusən də, yay aylarında həm çimərlik, həm velo sürüş, həm gəzinti yeri olaraq istifadə olunur. Ətrafında yerləşən kafelərdə oturub  məşhur Vyana qəhvəsindən içə-içə Dunayın nazlı axışını izləyənlər, sevgilisiylə restoranda romantik şam yeməyi yeyənlər, kruizlərə qatılaraq  (9 avro)  çay boyu ətrafdakı mənzərədən həzz alanlarla dolub daşır bu sahil.File_000 (49)

Donau City Tower

Dunayın şərqində Vyananın ən hündür müasir binası Donau City Tower (DC Towers)  yerləşir. 2014-cü ildə istifadəyə verilmiş DC Tower-da ofis, otel, restoran və ən yüksək nöqtəsində isə terras var. Big bus tour-çuların dediyinə görə xüsusi günləri təşkil etməkçün ideal bir yerdir. “Çox gözəl panorama izləyəcəyiniz ən hündür nöqtədir. Bütün Vyana ayağınızın altında olacaq”  Və s bu kimi yoldançıxarıcı cümlələrə az qala bilet alırdıq ki, birdən dönüb satış menecerinə : “Biz dünyanın ən hündür binasına-Burj Khalife-ye  qalxmışıq” dedim. Satıcının üzərinə su səpdin elə bil. “Onda bu mənzərə sizi təəccübləndirməz?” – dedi bizə 🙂

File_001 (4)

Prater

Vyananın əsas əyləncə mərkəzi Prater parkı da şəhərin məhz bu hissəsində yerləşir. Hər şəhərdə rast gəldiyimiz Luna park, rəngarəng attraksionlar, şeytan çarxı, heykəllər, nə cür əyləncə desəniz var burada. Xüsusilə, uşaqla səyahət edənlər  bu parka mütləq üz tutmalıdırlar . Praterə U1 və ya U2 xətləri iıə Praterson metro stansiyasında düşüb gedə bilərsiniz.File_000

Vyanada nə yeyilir, nə içilir

Bir az da yemək içməkdən, Vyana mətbəxindən  danışaq. Vyanada ne yeyək deyirsinizsə, bir snitzel-ləri  var çox məşhur. Şnitzel dana, donuz, toyuq ətindən hazırlanmış langetdir . Bütün restoranların menyusunda var. Şnitzeli ilə məşhur olan restoran Figmüllerdir. Əgər məhz burada yemək istəsəniz, əvvəlcədən rezerv etməlisiniz. Yoxsa çətin orada şnitzel yeyəsiniz. Biz ilk gün  Graben küçəsində, italyan restoranında yedik şnitzeli. İki nəfərlik axşam yeməyi, meyvə suyu 43 avro. Hesabı odəyərkən,  ofisiant dili ilə bizdən bəxşiş istədi. 🙂 İmkan vermədi ki, özümüz təklif edək. Bunlara şükür, yenə soruşurlar ki, bəxşiş vermək istəyirik, ya yox. Macarlar hesaba 15% də xidmət haqqı əlavə edirlər, yəni istədin, istəmədin bəxşiş verməlisən.  Digər günlər isə Walnerstasse-də yerləşən “Levante” türk restoranında etdik şam yeməyimizi. (iki nəfərlik menyu 50avro) Əgər: “Avstriya mətbəxi mənim damağıma uyğun deyil”–deyirsinizsə,  “Levante” restoranı sizi bu vəziyyətdən çıxarar. Yüksək xidmət, keyfiyyətli və ləzzətli yemək və gözəl atmosfer.File_000 (12)compressed

Şirniyyatlarına gəldikdə isə, Vyana şokoladları, tortları, qəhvəsilə məşhurdur. Apfelstrudelin (almalı şirniyyat)  dadına baxmağınızı məsləhət görürük. Xcelsior kafe bar–a yağışdan qaçıb girmişdik. Elə gəlmişkən ştrudelin də dadına baxaq, bir Melange içək dedik. İki nəfərə 14 avro ödədik. Bir də Anna turta- ları var çox məşhur olan. Kakaolu  tort. Biz ştrudeli sevdik.File_000 (39)compressed

Vyanada Alış-veriş

Vyana  alış-veriş üçün baha şəhərdir. Mariahilfer küçəsində dünyanın məşhur markalarının sıralandığı Vyana muzeylərini geridə qoyan dükanlarına rast gəlinir. Ancaq qiymətlər çox yüksəkdir. Daha əvvəl Vyana təcrübəsi olan dostlarımız şəhərdən 50 km-lik məsafədə “Parndorf outlet center”ə getməyi məsləhət gördülər bizə.(Karlsplatz-dan 11€ qarşılığında avtobusla getmək mümkündür) Əksər brendlərin dükanlarından endirimli qiymətlərlə doyunca alış-veriş edib stress ata bilərsiniz burada. Biz Vyanadan Bratislavaya gedəcəyimizə gorə, yolüstü “Parndorf outlet center”ə də baş çəkdik.

Kiçik alış-verişlərdə isə, məsələn,  suvenir və ya şokolad hədiyyə almaq istəsəniz, bizim kimi mərkəzdəki suvenir dükanlarından almayın. Marketlərdə daha ucuzdur, 10€ aldığımız şokolad marketdə 6€ gördük. Su da həmçinin. Şəhərin mərkəzində 2€ su aldıq. Halbuki, marketdə 0,65 € qiyməti vardı. Söhbət sudan düşmüşkən, Vyana suyu dünyada ən təmiz sulardan hesab olunur. Alp dağlarından heç bir nasos istifadə etmədən çəkilmiş su kəmərləri vasitəsilə  şəhər əhli çəkinmədən, ürəklə  krandan su içə bilir. Bələdçimizin dediyinə görə Vyanada yeganə pulsuz olan şey sudur, o da şəhərin müəyyən yerlərində olan bulaqlara rast gəlsəniz.

  Vyanada PULSUZ nə etmək olar?

Vyana hər fürsətdə turistləri xərcə salan  şəhərdir. Yəni, bu şəhərə gələn cibi dolu gəlməlidir. Ancaq, hərdən PULSUZları da nəzərə alıb aşağıda qeyd etdiklərimi təşkil edirlər. Yararlanın, pulunuz cibinizdə qalsın. 🙂

 – Vyanada bütün qalireyalar, kilsələr, parklar, içməli su bulaqları, bəzi muzeylər (Bezirkmuseum, MUSA, Geldmuseum, Kunsthalle am Karlsplatz) PULSUZDUR.

 – Həftənin hər 2-ci günü MAK muzeyinə giriş (18.00-22.00)  PULSUZDUR.

 – 26 Oktyabr Avstriyada xüsusi gün olduğuna görə bütün muzeylər pulsuzdur.

– Hər ayın ilk bazar günü Uhrenmuseum, Wienmuseum um Hermesvilla, Haydnhaus, Wien Museum am Karlsplatz, Heeresgeschichtliches Museum, Römermuseum, Otto Wagner Pavillion muzeylərinə giriş PULSUZDUR.

– Hər il mart, iyun, sentyabr aylarında açıq hava operası PULSUZDUR.

– 6 yaşdan aşağı uşaqlara ictimai nəqliyyatdan istifadə PULSUZDUR.

– 19 yaşına kimi hər kəsə Albertina, MAK, Mumok, Belvedere, Technisches Museum, Naturhistorisches Museum, Kunsthistorisches Museum, Lichtensteinmuseum muzeylərə giriş PULSUZDUR.

– Opera House-dan başlayıb Museum Quartier-də başa çatan 1 saatlıq gəzinti turu PULSUZDUR.

– Rathausplatz, Donauinsel, MuseumsQuartier, Westbahnhof – dakı Wi Fi zonaları PULSUZDUR.

Bu qədər PULSUZ xidmətlərin olduğu bir şəhərdə, nəinki bunlardan yararlanmaq, hətta suya 2 avro, ayaq yoluna 1 avro ödəyən səyahətçilər yəqin ki, bizdən başqa heç kim ola bilməz. 🙂

Muzeylər, saraylar, abidələr, heykəllər, kilsələrlə bol, yaddaqalan Vyana səfərimiz başa çatdı. 3 günə sığışdıra bildiyimiz qədər gəzdik Vyananı. Yeganə peşmançılığımız Halstata getməmək oldu. Əslində peşmançılıq deməyək, Avstriyaya gəlmək üçün bir səbəb deyib özümüzü təsəlli edək.

Növbəti gün bizi Bratislava gözləyirdi…