Dubrovnikdən  600 m masafədə yerləşən oksigenə həsrət ciyərlərin bayram etdiyi yamyaşıl, güllü-çiçəkli, dənizli-göllü, dovşanlı-tovuzquşlu bir adadır Lokrum. Əlini açsan ovcuna sığışacaq qədər ərazisi olan bu balaca cənnət insansız adadır. Dubrovnik  kimi Lokrum adası da UNESCO tərəfindən mühafizə olunur. Adada demək olar ki, suni heç bir şeyə rast gəlmək olmur. Bir-iki restoranı çıxmaq şərtiylə.  Ada çox  kiçik olduğuna görə yarım günə dolaşmaq olar. Ancaq dənizə giriləcəksə, bu vaxtı bir az uzatmaq lazımdır. Səhər saat 9-dan köhnə liman Lukadan hərəkət edən gəmilər (100 kuna)  Lokrum adasına yol alır. Adaya gələn insanlar axşam saat 7-yə qədər burada qala bilirlər. 7-dən sonra gəmilərin hərəkəti dayanır. Nəbadə yaddan cıxasız, gecəni adada keçirmək məcburiyyətində qalarsız ki, buna da icazə verilmir. Adada həmçinin siqaret çəkmək, ocaq yandırmaq da qadağandır. Adaya addım atan kimi mehin gətirdiyi şam ağacları qoxusunu dərindən içimizə çəkib kəşfə başladıq. İlk qarşımıza çıxan məlumat mərkəzi və xəritə olur. lokrum-xeritecomp

Lokrum latın mənşəli “acrumen” sözündən götürülüb, mənası turş meyvə deməkdir. Bu da adada ekzotik meyvə yetişdirmə ənənəsindən irəli gəlib.  Lokrum adası karantin bölgə kimi istifadə olunub keçmişdə. Vəba xəstəliyinin geniş yayıldığı zamanlarda Dubrovnikə gələn tacirlərdə bu xəstəliyin olub olmadığını yoxlamaq üçün əvvəlcə adada bir müddət saxlanılıb, daha sonra isə xəstəlik yoxdursa, şəhərə buraxılıbmışlar. Dənizdən gələn hər cür hücum, təhlukə də məhz Lokrumdan görülərək xəbər verilirmiş Dubrovnikə. Ada Dubrovnikin bir növ qalxanı rolunu oynayıbmış.file_002comp

Müqəddəs Mary Benedik Monastırı

Adanın ən böyük tarixi abidəsi  Benedikt monastırı ilk girişdə qarşılayır bizi.  1023-cü ildə qotik üslubda tikilmiş monastır Benedikt rahiblərinin məskəni olub. Sonuncu benediktli adanı 1808-ci ildə tərk edib. 1192-ci ildə ingilis kralı I Richardın gəmisi ada yaxınlığında  qəzaya uğrayıb, özü isə sağ qalıb. Tanrıya təşəkkür əlaməti olaraq da adada kilsə tikdirib. Daha sonralar isə 1839-cu ildə Aralıq dənizi səfərindən dönərkən firtina nəticəsində adaya sığınan Avstriya-Macarıstan şəhzadəsi Maximillian da Tanrıya təşəkkür əlaməti olaraq geniş bağçalar, yollar salıb, saray tikdirib. Hər sağ qalan bir  təşəkkür izi qoyub adada. 😀 file_006comp

Məşhur “Game of Thrones” serialının bir neçə səhnəsi məhz burada çəkilib. Həmin səhnələri əks etdirən məlumatlar, aktyorların təəssüratları monastrın divarına yerləşdirilmiş ekranda göstərilir. Bu serial sayəsində Dubrovnik və Lokruma gələn turistlərin sayı son illər 10% artıb.  Təbii ki, turizmçilər də bu fürsəti əldən verməyərək filmlə bağlı hər cür tur təşkil edirlər.  game-of-thrones

Monsatırın həyətində restoran  da var ki,  yorulanlar dizlərini qatlayıb  burada fasilə verə, bir kafa (qəhvə) içə və ya xorvat mətbəxini dada bilərlər. Adada çox restoran, dükan olmadığına görə qiymətlər yüksəkdir.

Botanika bağı

Monastırdan sonra isə adanın ən rəngli guşəsi – Botanika bağı qarşımıza çıxır.  Lokrumun  botanika bağı Şəhzadə Maximillian tərəfindən saldırılıb. 1859-cu ildə dünyanın  müxtəlif yerlərindən, o cümlədən Kaliforniya, Avstraliya, Şimali Afrikadan 500 növ bitki növü, Kanar adalarından tovuzquşları gətirdərək adanın bu cür zəngin fauna və  floraya sahib olmasına səbəb olub. Botanika bağının yaxınlığında isə zeytıun bağı yerləşir.botanika-bagicomp

 Ölü dəniz

Adanın cənubunda Ölü dəniz – Mrtva more yerləşir. Göl desək daha düzgün olar. Bapbalaca ərazini əhatə edən 10 m dərinliyə malik bu gölün mənzərəsi adaya meydan oxuyur elə bil. Göz yaşı kimi dupduru sulu bu göl  yeraltı kanallar vasitəsilə Adriadik dənizi ilə bağlanır.olu-denizcomp

Fort Royal Castle

Adanın ən yüksək nöqtəsində isə Fort Royal Castle yerləşir. Sonralar Maximillian Tower adlandırılan Fort Royal Castle 1809-cu ildə fransızların adanı işğalı zamanı tikilməyə başlamış, Avstriyalıların hakimiyyəti zamanı isə tamamlanmışdır.  Həmin nöqtəyə gedən yol isə “Rajski put” adlanır. Adı Cənnət yoludur, amma cənnətə gedən yol bir az keşməkeşlidir. 96 m dik  yolu qalxmaq üçün bir az əziyyətə qatlaşmaq lazım gəlir. Bu qədər adanı dolaşıb, Fort Royal Castle–a çıxmamaq olmaz. Fort Royaldan açılan mənzərə isə bu  yolu boşuna gəlmədiyimizi sübut etdi.file_007comp

Adada bir də “Göyərçin vadisi” var. Vadi var amma göyərçin yoxdu, ya da ki, bizim gəlişimizi duyub yoxa çıxmışdı. Əvəzində isə adada xeyli dovşan vardı.

DİQQƏT! NUDİST ÇİMƏRLİK VAR!

Çimərliklər adanın sahili boyu uzanır. Amma və lakin nudist çimərlik adanın sadəcə bir guşəsindədir ki, ora çatana yaxın xəbərdarlıq tablosu qarşımıza çıxır. Və təbii ki, yazını oxuyub geri dönürük. Namıs, qeyrət 😄cimerlikcomp

Bu gözəl cənnət adanın hər bucağını dolaşıb (məlum bucağından başqa) geriyə – Dubrovnikə qayıdırıq.

Əgər Dubrovnikə gəlsəniz, Lokruma MÜTLƏQ baş çəkin.