Avropanın cənub-şərqində yerləşən  Makedoniya  keçmiş Yuqoslaviyanın  altı ölkəsindən biridir. Tarixən adı dillərə dastan olmuş Makedoniyalı İskəndərin vətəni Makedoniya adına görə Yunanıstanla problem yaşayıb. Yunanıstanın etirazı ilə 1993-cü ildə BMT tərəfindən FYROM (Keçmiş Yuqoslaviya Dövləti Makedonya) olaraq qəbul olunmuşdu. Makedoniyaya səyahətin ən yaxşı  vaxt aprel-sentyabr aralığıdır. Qış ayları soyuq olduğundan səyahət məsləhət görülmür.

Bizim Makedoniyaya səfərimiz qəfil oldu, heç özümüz də bilmədən birdən Skopyada açdıq  gözümüzü. 11 noyabr (2013)  Serbiyanın Dövlət bayramı ilə əlaqədar bir günlük tətil və bu tətilin də həftə sonuna təsadüf etməsi bizi hərəkətə gətirdi. Bu günləri necə dəyərləndirə bilərik dedik ki, bir də gördük Makedoniya Azərbaycan vətəndaşlarından viza istəmir. Ən böyük stimul da bu oldu. Fürsəti dəyərləndirib axşama doğru 3 ailə maşınla Serbiyadan Makedoniyaya yola düşdük. Yola düşdük düşməyinə, amma heç bir hazırlıqsız, otel bron etmədən kor-koranə yollandıq. 5 saatlıq uzun yoldan sonra gəlib çatdıq Skopyaya. Qarşımıza çıxan otellerə baş çəkdik, bəzilərində kifayət qədər yer olmadı (8nəfər idik), bəziləri həddən artıq baha oldu. Bir otelə rast gəldik ki, hamıya yer oldu, həm də şəhərin mərkəzində, qiymətlər də ki, ucuz. Özu də, 8 ulduzlu “Super Hotel” 😄 (iki nəfərlik otaq 50 avro). Oteldə super olan yeganə şey şəhərin mərkəzində yerləşməsi idi. Nəisə ki, gecənin bir aləmində bunu tapdığımıza şükr edib yerləşməyə başladıq.

Səhər yeməkdən sonra ilk işimiz şəhər turu ilə maraqlanmaq oldu. Amma, təəssüf ki, noyabr ayı olduğu üçün turlar dayanmışdı. Beləcə, turlardan əlimizi üzüb başladıq şəhərin kəşfinə.

Makedoniyanın paytaxtı, Balkan yarımadasının ən qədim şəhərlərindən olan Skopyanın adı  2000 il əvvələ  qədər uzanan İlir qəbiləsinin yerləşdiyi “Skupi” dən gəlir. Skopya Makedoniyanın həm iqtisadi, həm də mədəni mərkəzidir. 500 min əhalisi olan Skopya Vardar çayının üzərində qurulub. Çay şəhəri ikiyə ayırır. Çayın şimal  hissəsi daha çox müsəlmanların  (33%) məskunlaşdığı qədim şəhər olmaqla köhnə görüntüyə  malikdir. Skopyanın məşhur  qalası, Daş körpüsü, Musatafa bəy, Murad paşa, İsa bəy məscidləri, Davud Paşa hamamı, Sulu xan, Kurşunlu xanları da qədim  şəhərdə yerləşir. Cənub  isə əsasən yeniliyi və inkişafı ilə, həmçinin şəhərin hər yerindən görünən təpənin başına tikilən xaçı ilə qarşı tərəfə meydan oxuyan xristianların (67%) üstünlük təşkil etdiyi hissəsidir. Bu kiçik şəhərin daxilində yarış hər yerdə hiss olunur. Ölkədə yaşayan müsəlmanlar isə bu 66 metrəlik xaça cavab olaraq 77 metrə hündürlüyə malik minarəli məscid inşa etmişlər.

Qədim bazar – Stara Çarşija

Stara Çarşiya (Türk Çarşısı da deyilir) 600–dən çox  kiçik dükanın, kafelərin, kababçıların çoxluq təşkil etdiyi, bütün turistlərin isə sevimli məkanıdır. Bazarda türk mallarına çox rast gəlinir. Çarşıda o qədər türk tələbə vardı ki, bir anlıq özümüzü Türkiyədə hiss etdik. Heç ingilis dilinə ehtiyac da olmur burada. İngiliscə sual verdikdə, “türkmüsünüz?” deyə soruşdular.  “Niyə türkcə danışmırsız?”–deyib irad da tutdular bizə 😃 Bazardan Makedoniya xatirəsi suvenirlər alaraq ölkə iqtisadiyyatına öz dəstəyimizi göstərdik 🙂 Onu da qeyd edim ki, Makedoniyanın pul vahidi denardir.

Skopya qalası

Qala şəhərin  mütləq baş çəkilməli olan tarixi məkanıdır. Skopya Qalası Çarşıya yaxın məsafədə yerləşir və giriş sərbəstdir.B.e. 6-cı əsrdə Roma dönəmində tikilmiş, sonralar zəlzələ nəticəsində ziyan görmüşdü. Dəfələrlə bərpa edilmiş, günümüzə qaladan sadəcə divarlar qalıb deyə bilərik. Qalada iki kiçik muzey var. Qalaya girdikdə, demək olar ki, bizdən başqa heç kim yox idi. Tarixi abidələrin azlığı diqqətimizi çəkdi və bir az da təəccübləndik. Qalanın divarları arxasından isə şəhərə gözəl mənzərə açılır.file_004

Makedoniya meydanı

Vardar çayı üzərində Fatih Sultan Mehmet xanın 1451-1469-cu illərdə tikdirdiyi, 200 m-lik uzunluğu olan körpü Osmanlı yadigarıdır. Körpünü keçdikdən sonra qarşınıza Makedonya meydanı çıxır. Skopyanın ən böyük meydanı olan Makedonya meydanı bütün  önəmli tədbirlər,  festivallara ev sahibliyi edir. Meydanın tam ortasında Makedoniyalı İskəndərin heykəli yerləşir. Hündürlüyü 15 m olan bu heykəl axşamları müxtəlif rəngli işıqlarla işıqlandırılmış su şousu ilə diqqət çəkir. Salonikdə Makedoniya İskəndərin bu heykəlinə nəzirə bir heykəl ucaldılıb. Gedib  İskəndərin o heykəlin də görmüşük. Vardar çayı üzərində bir də İncəsənət körpüsü (Мost na umetnosti) var ki, üstündə bütün incəsənət adamlarının heykəli sıralanıb.  Ümumuyyətlə, Skopya elə bil heykələ boğulub. Şairlərin, bəstəkarların, qəhrəmanların, dilənçinin,  bir sözlə heykəl qoyula biləcək hər kəsin heykəlinə rast gəlinir burda. İqtisadi vəziyyətin aşağı olduğu bir ölkə üçün bu qədər heykəl həddindən çoxdur. Makedonlar dövlətin pulları belə boş heykəllərə xərcləməsinə dəfələrlə etiraz etmiş, küçələrə axışmışlar.dsc01378

Arxeologiya muzeyi

Vardar cayının sağ sahilində Makedoniya Arxeoloji muzeyi ziyarətcilərə xidmət verir. Muzeyə  giriş bileti 300 denardır. Tələbələr isə 100 denar. Vaxtın azlığı və bəzi görüləcək yerlərə baş çəkəcəyimizə görə muzeyi sonraya təxirə saldıq, ancaq sonra da baş çəkmədik.file_004-1

Makedoniya qapısı – Porta Makedoniya

Makedoniya qapısı bir neçə Avropa şəhərində də rast gəldiyimiz  Zəfər tağı formasıdr və Pella meydanında yerləşir. Arkanın üzəri mərmərlə örtülmüş, mərmərin üzərində isə tarixi fiqurlar işlənmiş. Əlbəttə ki, bu fıqurların arasında  Makedoniyalı İskəndər olmasaydı təəccüblənərdik. Bu möhtəşəm qapı Makedoniyanım müstəqilliyinin 20-ci ilinə həsr olunmuş, 2011-2012-ci ildə tikilmişdir. Hündürlüyü 21m olan qapının içində də lift var. İstəyən yuxarıdan şəhəri izləyə bilər. .

Millenium xaçı – Mileniumski Krst

Vodno dağının başında yerləşən, xristianlığın mövcudluğunun 2000-ci ilinə həsr olunan xaçın hündürlüyü 66 m-dir. Dünyanın  ən hündür abidəsidir, hətta Rio de Janeyrodakı İsa (40m), Amerikadakı Azadlıq heykəlindən (46m) də. Xaç 2002-ci ildə Makedoniya pravoslav kilsəsinin, makedonların və dünyanın hər yerindən xristianların ianələri hesabına tikilmişdir. Xaçın içində lift də mövcuddur. Xaça getməkçün taksi ilə kanat yoluna, oradan isə kanatla (bilet 120 denar) 3,9 km yol qət etdikdən sonra buludların üzərinə qalxdıq. Xaçın ətrafında kafe, suvenir dükanları var. Bir az oturub bir meyvə suyu ilə mənzərəni seyr edə, buludların ayaqlarınızın altından süzülüşünündən feyziyab ola bilərsiniz.

Matka kanyonu

Skopyaya gəlib Matka Kanyonuna getməmək günah olardı. Kanyon Skopyaya 17km məsafədə yerləşir. Maşınla 15 dəqiqəlik yoldur. Treska çayı üzərində suni yaradılmış göl və kanyonun özü rafting sevənlərin, alpinistlərin,  gözəl həftəsonu keçirmək istəyənlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Elə buna görə də kanyona avtobuslar fasiləsiz işləyir. 5000 hektarlıq əraziyə yayılan  Kanyon həmçinin 250 növ kəpənəyə ev sahibliyi edir və dünyanın 100 təbiət möcüzəsindən biri hesab olunur. Hava soyuq olduğuna görə (noyabr) Kanyondan ləzzət ala bilmədik. Yayda gəlsək daha gözəl mənzərəylə qarşılaşacağımıza əminəm.

 

Kanyondan birbaşa Stara Çarşiya-ya geri döndük. Yerli restoranlardan birində əyləşib Balkanların, həmçinin Makedoniyanın məşhur cevapiçi-sinin dadına baxdıq. Makedoniya yemək sarıdan əziyyət çəkməyəcəyiniz yerdir. Məşhur yeməkləri ispanaklı Skopya börəyi, Kaymakçina, İspanaklı Skopya şorbası, Skopya kababı, Sarmsa və Tiyanisadır. Qiymətlər çox da baha deyil. Paxlava, tulumba şirniyyatlarına Stara Çarşiyada asanlıqla rast gəlinir.

Makedoniya deyiləndə Skopyadan sonra ikinci əsas görülməli yer Ohrid gölüdür. Skopyadan 172km məsafədə yerləşən göl Makedoniyanın mirvarisi hesab olunur. İsrarıma rəğmən  gölə getməkdə tərəddüd edən dostlar sayəsində Ohrid mənzərəsindən məhrum qaldıq.

Gələn dəfə Makedoniyaya gəlməkçün səbəbimiz də var artıq – OHRİD.

Ohrid səfəri haqda oxumaq üçün bu linkə tıkqıldat 🙂