Mokra Gora – yaş dağ. Yaş, yamyaşıl, başı dumanlı, bol oksigenli dağlar. Bir yamacı Serbiyanın cənub-qərbini, o bir yamacı Kosovanın qərbini, digər bir yamacı isə Montenegronun şərqini əhatə edir. Hər üç ölkədən bu təbiət möcüzəsinə səyahət etmək mümkündür. Biz Serbiyaya aid Mokra Goraya səfər etdik. Əslində Bosniaya, Dubrovnikə, Montenegroya gedərkən Mokra Goranın içindən keçib, hər dəfə “gedək, qayıdanda baş çəkərik” deyirdik. Ancaq qayıdanda da, nədənsə, heç cürə bu möhtəşəm bölgəni kəşf etmək nəsib olmurdu.  Nəhayət ki, bir həftə sonu gözəl  sentyabr günündə, günəşli havada şəhərdən qaçıb Mokra Goraya yola düşdük.file_000-12

Mokra Goraya necə getmək olar?

Mora Gora Belgraddan 210 km məsafədə yerləşir. Paytaxtdan avtobus, qatar və kirayə maşınla buraya gəlmək mümkündür. Avtobuslar Uzice və Zlatibora qədər gəlir, oradan isə lokal avtobuslarla və ya taksi ilə davam etmək mümkündür. Və ya tur şirkətlərinin qərbi Serbiyada bütün turistik yerlərə təşkil etdiyi turlara qatılaraq bir güllə ilə bir neçə dovşan vurmaq məqsədəuyğun olar. Təbii ki, bu məqamda əli cibə bir azca dərin salmaq lazimdır. 🙂 file_000-3Özünün  əsrarəngiz təbiəti, Ağ və Qara Rzav dərələri, Kamişka çayı, şam meşələri, bulaqları, həqiqətən də, görülməyə dəyər təbiət möcüzəsi Mokra Gora  təbiiliyiylə yanaşı, Meçavnik təpəsində yerləşən etno-kənd “Drvengrad” və “Šargan Osmica”panoramik  dəmir yolu və müasir dağ xizəkçilik mərkəzi ilə də yerlilərin və turistlərin ən sevimli məkanıdır. Hazır gəlmişkən Mokra Goraya 25 km məsafədə yerləşən Zlatiboru, Tara Milli Parkını, Drina çayını da görmək məsləhətdir. Sonra bu məsləhətlər üçün bizə təşəkkür edəcəksiniz 🙂file_000-21

Şargan Osmica

Mokra Goraya gələn hər bir səyahətçi mütləq panoramik dəmir yolu ilə dağlara qalxıb Bob Marley-in saçlarını xatırladan meşələrin içi ilə 22 tunel keçərək 2 saatlıq turdan həzz almalıdır. Şargan Osmica 1921-ci ildə tikillməyə başlayıb, 1924-cü ildə istifadəyə verilib. Uzun müddətli fasilədən sonra isə 1995-ci ildə yenidən açılıb. Panoramik tura qatılmaqçün elə stansiyanın özündən 600 dinara (5avro) bilet almaq lazımdır. Qatar hər gün iki dəfə, saat 10.30, 11.10 – da yola  çıxır. file_000

Qatarda yemək, içki satılmır. Ancaq bir  neçə yerdə, dağların ən gözəl nöqtələrində bir uzun – 30 dəqiqəlik, bir neçə isə qısa müddətli – 10 dəqiqəlik  fasilələr verilir. Bizim kimi şəkilpərəstlər də fürsətdən istifadə edib mənzərəni yaddaşlara həkk edir və ya yol yoldaşlarımız təqaüdçülər kimi mahnı oxuya-oxuya kafelərin birində oturub “srpski kafa” (serb qəhvəsi) və ya pivə, ya da ki rakija (serb arağı) ilə boğazların yaşlayarlar. file_000-5

Şargan Osmica stansiyasında otel, qədim üslubda, bir az yapon evlərinə bənzəyən koteclər xidmət göstərir. Qiymətlər isə münasibdir. Yol boyu isə ev kirayə elanlarına rast gəlinir. İstəyən evlərdə də qala bilər.

payiz

Drvengrad – Kustendorf

Qatar gəzintisindən sonra isə stansiyanın yaxınlığında yerləşən Meçavnik təpəsinə qurulan “Drvengrad”a, baş çəkmək mütləqdir. Tamamilə taxtadan ibarət etno-kənd məşhur serb rejissoru Emir Kustiricanın təşəbbüsü ilə tikilib. Deməli, Emir Kusturica “Life is Miracle” filmini çəkərkən Mokra Goraya o qədər aşiq olub ki, burada yaşamağa qərar verib. Drvengradı da elə onun üçün tikdirib. Hər il yanvar ayında keçirilən “Kustendorf” film festivalına yüzlərlə turist axın edir. file_008

Etno-kəndə giriş biletlədir, qiyməti isə 250 dinar (2€). Drvengradda taxtadan, qədim serb evləri üslubunda yerli “Lotika” restoranı, “Kod Ćorkana” şirniyyat dükanı, otel, “Aska” suvenir dükanları, kinoteatr, “Meša Selimović” kitabxanası, müqəddəs Sava kilsəsi, sauna, idman zalı, tenis kortu, hovuz, gecə klubu,  uşaqlarçün əyləncə yeri, bir sözlə istirahət üçün hər şey tikilib. Yaxınlıqdakı dağ xizək mərkəzi  isə qış aylarında burada istirahəti daha da əyləncəli edir. file_009

Drvengradda dolaşarkən dünyaca məşhur fiqurların  – Çequara, Yuri Qaqarin adına küçə, Diego Maradonna adına meydana, qeyri-adi heykəllərə, klassik maşınlara rast gəlsəniz təəccüblənməyin.  Bu şəhərciyin özəlliyi hər addımbaşı maraqlı  səhnə ilə dekorasiya olunmasıdır.file_000-19

 Drvengradda “Life is really miracle”dır. Bunu hər addımda hiss edir insan. Gözəl bir həftə sonu gəzintisi, maraqlı bir təcrübə, yeni bir yer. Mokra Goradan gözəl təəssüratlar, suvenirlər və yeni bir hekayəylə ayrıldıq.

Yolunuz düşsə, mütləq bu təcrübəni yaşayın.