Qısa bir yaz tətili. Biz yenə 3 günlük qaçacaq yer axtarışında ikən bir də gözümüzü Xorvatiyanın paytaxtı Zaqrebdə açdıq.  Zaqrebə gəlmişkən bu səfərin bir küncünə də dünyanın neçənci olduğunu bilmirəm, amma, möcüzəsi olduğuna əmin olduğum Plitvice göllərinə getməyi bir dünya vətəndaşı olaraq özümüzə borc bildik. Ana təbiət bizə belə gözəllik bəxş edib, biz də 1,5 saat vaxtı yola sərf edib maşını Zaqrebdən birbaşa Plitvice göllərinə sürdük. Yola çıxmadan əvvəl Zaqrebin mərkəzində – Ban Jelaçiç meydanında yerləşən turist ofisinə yaxınlaşıb məlumat almaq istədik, bəlkə tur var, onlarla getsək daha maraqlı olar. Ancaq, ofisin əməkdaşları əvvəl bir-birlərindən soruşdular tur haqda, sanki ilk turist idik göllər haqda maraqlanan, sonra zəng etdilər başqa ofisə. Daha sonra yaxınlıqdakı tur şirkətinə yolladılar bizi. Nəisə ki, yaxındır deyib getdik. Ofis bağlı. Sağ olsunlar Plitvice-den soyutdular bizi. Niyə özümüzü bu qədər əziyyətə saldığımızı biz də anlamadıq. Maşına min get, geet 😀

dsc04335

BİR AZ PLİTVİCE HAQDA

Plitvice gölləri, yerli dildə Plitviçka jezera, Cənub-Şərqi Avropanın ən böyük Milli Parkıdır. 1979-cu ildən UNESCO-nun qorunması altındadır. 29685 ha ərazini əhatə edən bu parkda 16 ədəd göl, şəlalələr, zəngin fauna və flora, əl dəyməmiş gözəl təbiət.  dsc04243

PLİTVİCE GÖLLƏRİNƏ NƏ VAXT GETMƏLİ?

İldə 1 milyondan çox insanın səyahət etdiyi bu möhtəşəm mənzərəli təbiət möcüzəsinin kəşfinə ən çox yay aylarında getmək məsləhətdir. Ancaq, yayda da qiymətlər payıza və yaza görə bahadır. Biz aprelin sonu getdik göllərə. Baxmayaraq ki, Zaqreb yaşıllaşmışdı, Plitvice hələ təzə-təzə canlanırdı. Hanı o şəkillərdəki Plitvice?! Niyə yaşıllaşmayıb hələ?! 🙁  “Plitvicenin hər halı gözəldir”, deyib, özümüzü təsəlli edə-edə göllərə yürüşə başladıq. Onu da deyim ki, sezon olmamasına baxmayaraq, kifayət qədər turist, xüsusilə də, çinli qruplar vardı göllərdə.

Qeyd: Xorvatiya Azərbaycan vətəndaşlarından viza tələb edir. Çoxgirişli (multiple) Schengen viza keçərlidir (şəxsi təcrübəmiz)

dsc04279

PLİTVİCE GÖLLƏRİNƏ NƏ QƏDƏR VAXT AYIRMALI?

Plitvice gölləri bir gündə rahat, iki gündə yavaş-yavaş, türklər demişkən “tadını çıkararak” gəzib görüləcək bir məkandır. Bizim vaxtımız məhdud olduğuna görə bir günlə kifayətləndik. Əgər vaxtınız məhdud deyilsə, büdcəniz də genişdirsə və “mən təbiət aşiqiyəm, bir neçə gün burada qalıb istirahət edəcəm”, deyirsinizsə, yaxınlıqdakı otellər işinizi daha da asanlaşdırar.

file_000

PLİTVİCE GÖLLƏRİNƏ NECƏ GETMƏLİ?

Biz maşınla səhər gedib axşam qayıtdıq. Siz əgər maşın kirayə götürməyi düşünsəniz, bu link işinizi asanlaşdıracaq. “Yox, mən özüm sürmək istəmirəm, məni xüsusi sürücü aparsın”, deyirsinizsə, onda zəhmət olmasa, o barmağınızı bu linkə iki dəfə tıkkıldadın.

 Ya da ki, “avtobusa nə gəlib”, deyirsizsə, onda elə buradanca biletinizi alıb yola düşə bilərsiniz. Ucuz və sərfəli.

GÖLLƏRİ KƏŞFƏ HARADAN BAŞLAMALI?

Maşını park etdikdən sonra ilk iş bilet almaq oldu. Girişdə İki park nöqtəsi mövcuddur – point 1, point 2. Adambaşı 112 kuna-15 € ödəyib biletlərimizi, yanında da Plitvice milli parkının xəritəsin aldıqdan sonra yollanırıq göllərə.  dsc04179

Yayda, sezonun ən qaynar vaxtında qiymətlər 24€-ya qədər artır. Biz bir az qabağa düşdük 😀. Biz göllərər “Upper lakes”-dən başlayırıq kəşfə. Bəri başdan qeyd edim ki, parkın ərazisi enişli-yoxuşlu olduğuna görə güc ayaqlara düşür. Elə buna görə də ən rahat idman ayaqqabilarınızı geyinin. Yoxsa axşama ayaqlarınızı qucağınızda daşıyacaqsınız.😀 Arada qayıq, qatara bənzər avtobusdan  istifadə etsəniz də, piyada gəziləcək yerlər çoxluq təşkil edir.dsc04308

Parkın ərazisində restoran, dondurmacılar, suvenir dükanları var. Uzun gəzintidən sonra bir az dincinizi almaq üçün parkdakı restoranlarda oturub  yemək yeyə, qəhvə içə bilərsiniz. Məhdud sayda olan restoranların yeməklərində tərəddüd etdiyimizə görə biz dondurma ilə kifayətləndik. Özləri ilə sendviç gətirib, bir kənara çəkilərək yeməklərini yeyənlər də vardı, əlbəttə ki, təmizliyə riayət etmək şərti ilə.  dsc04321

Gəzə-dolaşa günü və gəzintini vururuq başa. Evə dönüş vaxtıdır. Sezonda getmədiyimizə görə şəkillər bir balaca “keçəl” alınmış ola bilər. Ancaq, “hər fəslin öz gözəlliyi var” –  deyib özümüzü təsəlli edib, sizə hansı fəsildə Plitvice göllərinə gedilməyəcəyi təcrübəsini anlatmağa çalışdıq😀