Dünya ölkələrinin bir-birindən maraqlı, yaradıcı, bir az da qəribə olmaları ilə fərqlənən turizm şüarları xəritəsi yayınlanlb. Kənardan baxarkən asan görünsə də, bir ölkənin ruhunu bir neçə kəliməylə ifadə etmək bir az başsındırıcı bir işdir. Xəritəyə nəzər salsaq, görərik ki, müxtəlif ölkələr özlərini “satmaq” üçün hansı sloganları istifadə ediblər. (xəritəyə üçün dailymail.co.uk  saytına baş çəkə bilərsiniz.)

Şimali Koreya başda olmaqla, 38 ölkənin turizm şüarı tapılmayıb. Maraqlısı odur ki, bu ölkələrin içərisində İsveç də yer alıb.

Həmçinin şüarları ilə indiki vəziyyətləri eyni olmayan ölkələr də var xəritədə. Müharibə şəraitində olan Suriyanın “Suriya hər zaman gözəldir” və ya Çadın “Sahelin vadisi” kimi şüarlar buna misaldır.

Bəzi ölkələrin şüarları isə olduqca quru və mənasız səslənir. Ermənistanın “Ermənistana gəlin, bura gözəldir” və ya İordaniyanın “Bəli, bura İordaniyadır” kimi kobud səslənən şüarları misal göstərmək olar.

Bəzi ölkələr isə özlərini əziyyətə salmadan çox sadə şüar seçiblər. Belçikanın “Belçika, olmaq istədiyin yer” və ya Tunisin “Tunis kimi hiss edirəm” şüarları kimi.

Omanın təklifinin isə bircə üzüyü çatmır: “Gözəlliyin adresi bəllidir”

Amerikanın “Hər şey sizin çata biləcəyiniz məsafədədir” şüarı həqiqəti sadə dillə çatdırdığı halda, Böyük Britaniyanın şüarı daha effektlidir: “Möhtəşəm anların ünvanı”

Bəzi ölkələr isə təkrarçılığa yol veriblər. “Görkəmli Barbados”, “Gözəl Banqladeş” kimi. Tonqonun yerləşdiyi yeri vurğuladığı “Əsl Sakit Okean” şüarını, Tobako və Trinidad da “Əsl Karib” olaraq təkrarlamış olurlar.

Bosniya və Portuqaliya coğrafi mövqeyinə görə şüar seçiblər. Bosniya  “Şərqi Avropanın ürəyi”, Portuqaliya isə “Avropanın Qərb sahili” kimi təqdim edib özünü dünyaya.

Bəzi Afrika ölkələri isə özlərini sivilizasiyanın başlanğıcı, tarixin beşiyi olaraq təqdim edir. Məsələn, Mozambik “Hər şeyin başlandığı yerə gəlin”, Efiopiya “Qədim köklər diyarı”, Misir isə “Hər şeyin başlandığı yer” şüarlarını seçiblər. Honduras isə həddindən artıq lovğa bir şüar seçib özünə: “Hər şey buradadır”

Azərbaycanın şüarı isə hər birimizə məlumdur: “ODLAR DİYARI!”

Daha çox ölkənin şüarı ilə tanış olmaq üçün isə dailymail.co.uk  saytına baş çəkə bilərsiniz.