Qısa bir yaz tətili. Biz yenə 3 günlük qaçacaq yer axtarışında ikən bir də gözümüzü Xorvatiyanın paytaxtı Zaqrebdə açdıq. Sol sahili başdan ayağa dənizlə sərhədlənən, hər yerindən bir UNESCO mirası, göllər, şəlalələr qaynayan Xorvatiya niyəsə Zaqrebə “ögey övlad” kimi davranıb, bütün bu təbii gözəlliklərdən məhrum edib onu. Bir damcı dəniz sahili versəydi, Zaqreb də indi digər xorvat şəhərləri kimi turistlə dolub daşırdı. Yoxsa Zaqrebin Dubrovnikdən nəyi əksikdi ki?! Bəlkə də, ona görə şəhər bir az sakit, öz  axarında yaşamağa davam edən, paytaxtdan çox ikinci dərəcəli şəhərə bənzəyir. Təxmini 1 milyona yaxın əhalisi olan Zaqreb iki hissədən – Gornji Grad -Medveşçak (yuxarı şəhər) və Donji Graddan (aşağı şəhər) ibarətdir.

Zaqrebə nə vaxt səyahət etməli?

Zaqrebə səyahətin ən yaxşı vaxtı yaz, yay aylarıdır. Qış soyuq olur əksər Avropa şəhərləri kimi. Lakin, yeni il ərəfəsində, Milad bayramında da Zaqreb görüləsi şəhərlər içərisindədir.

Zaqrebi gəzmək üçün neçə gün kifayətdir?

Biz Zaqrebə 1,5 günə dolaşdıq və elə bu qədər vaxt kifayətdir. Muzeylərə də baş çəksəniz, onda Zaqrebə 2 gün ayırın. 3-cü gün isə darıxmağa başlayacaqsınız. Darıxmamaq üçün biz Plitvice göllərinə getməyə üstünlük verdik. Plitvice haqda yazı üçün buraya bir tıkqıldadın.

Zaqrebdə harada qalaq?

Orta büdcəli səyahətçisinizsə, sizə booking.com saytından seçdiyimiz, Best Western Premier Hotel Astoria-nı (4*, 2 nəfərlik otaq 80€) məsləhət görə bilərik. Ban Jelaçiç meydanına yaxın yerləşən otel hər cəhətdən beş ulduzlu otellərdən heç geri qalmır. Yox əgər “çox bahadır”, ya da “çox ucuzdur” deyirsinizsə, sizin büdcənizə uyğun lüks otellər və ucuz qiymətə hostellər tapmaq çox asandır.

Oteldən ayrılıb əlimizdə xəritə şəhərlə tanışlığa başladıq. Elə Ban Jelaçiç meydanına çatar-çatmaz, turist ofisinin önündə qarşımıza Donji Grad turu təşkil edən bir paravozmu desəm, qatarmı desəm, ad qoya bilmədiyim bir 16 təkərli çıxdı. Öz də pulsuz. “Kor nə istər, iki göz misalı 😃” Atlanıb mindik adını qoya bilmədiyim bu 36 təkərliyə. 20 dəqiqəlik bir tanışlıq turu atıb geri, yenə Jelaçiç meydanına qayıtdıq.

Ban Jelaçiç Meydanı

Yerli dildə Trg bana Josipa Jelačića adlanan meydan Zaqrebin ürəyi hesab olunur. Əksər abidələr, kafelər, restoranlar, barlar əyləncələr məhz bu meydanın ətrafına səpələnib. Meydanın mərkəzində adını daşıdğı Ban Josep Jelaçiçin heykəli yerləşir. Yuqoslaviya dövründə heykəl meydandan götürülüb, ancaq, 90-cı illərdə yenidən yerinə qaytarılıb. Heykəlin ətrafı zaqreblilərin görüş yeridir. Heykəlin yaxınında bir də Manduševac fontanı yerləşir. 

Meydandan yuxarı bölgə KaptolGradecdən ibarətdir. Pilləkanlarla yuxarı qalxanda qoxusu taa uzaqlardan gələn balıq bazarı və Dolac meyvə tərəvəz bazarı yerləşir.

Bazardan üzüyuxarı Zaqreb katedralına doğru yollandıq. Elə yenicə başımızı qaldırıb katedrala baxırdıq ki, yanımıza  bir  xorvat yanaşdı – DAMİR: “İstəsəniz mən sizə bələdçilik edərəm”

Böyük qruplara bələdçilik etmirmiş Damir, iki-üç nəfərlik. Razılaşdıq. (20 €)

Damirlə tanış edim sizi də. Damir Bosniyada doğulmuş, 92-95-ci il müharibəsi zamanı sağ qalmaqçün külli miqdarda rüşvət verərək canını zorla qurtarmış, 40 yaşında, işsiz, subay mühəndisdir. Uzun müddət Zaqrebdə zavodların birində işləyib. İndi isə artıq özünə yeni məslək seçib – Bələdçi. Deyir, turizm Xorvatiyada inkişaf edir günü-gündən, həm də maraqlı sahədir. Görünür, maşından, texnikadan usanıb Damir.

Zaqreb Katedralı

Damir vəzifəsinin icrasına elə katedraldan başladı. Başladı, nə başladı. Katedralın təməl daşından taa qülləsinə qədər ən xırda detallarına qədər. Xristianlığı, katedralda dəfn olunan rahibləri o qədər həvəslə anlatmağa başladı ki, az qaldıq bir xaç da biz çəkək, tövbə, tövbə 😀 Mən Damir qədər uzun-uzadı anlatmayacam, sadəcə kiçik bir məlumat verəcəm.

Zaqrebin hər yerindən görünən, 12 ildir təmir olunan, amma heç cürə bitirilə bilinməyən, illərlə zəlzələ, yanğına məruz qalan bu katedral Neo-Gotik üslubda tikilb. Katedral hər gün 10-17.00 arası ziyarətə açıqdır. Katedralın qarşısında aprel-oktyabr aylarında hər bazar günü atlı əsgərlərin növbə dəyişmə mərasimi olur. Damir deyir ki, turistlərin diqqətini çəkməyə başlayır. Gözlədik, izlədik.

Katedralın qarşısında  isə mələklərlə birlikdə Müqəddəs Mary sütunu yerləşir. Katedrala çox vaxt sərf etdik, çooox. Sag olsun Damir.

Müqəddəs Mark kilsəsi

Qədim şəhərin göbəyində yerləşən bu kilsə Zaqrebin əsas simvollarındandır. 13-cü əsrdə tikilən kilsə bəzəkli damı ilə məşhurdur. Şəbəkə üsulu ilə seramikalarla işlənmiş dama Sloveniya və Xorvatiyanın hərbi emblemləri həkk edilib. Kilsə bağlı idi.

Zaqreb muzeyləri

Bitmiş münasibətlər muzeyi – Museum of broken relationship. Zaqrebi araşdırarkən diqqətimi çəkmişdi muzey. Muzeydə olan dostlar da maraqlı olacağını söyləmişdilər. Olinka Vistica və Drazen Grubisic adlı iki xorvatın yaxın dostlarının yaşadığı acı eşq hekayəsindən təsirlənib yaratdıqları muzey.

Dünyanın hər yerindən “oxu daşa dəymiş” aşiqlər hekayələrinin bir parçası olan əşyalarla qatılıblar muzeyə. Dəsmalını götür, gir muzeyə. Bizim Zaurun proqramları kimi 😄 Nə ssenarilər var o muzeydə indi.  Muzeyə getdik getməyinə, ancaq, muzey bağlı. Sağ olsun Damir! Katedralda o qədər tarix dərsinə dalmışıq ki, vaxtın necə keçdiyindən xəbərimiz olmayıb.

Digər maraqlı muzey vardı ki, gedib qapısında qaldığımız Zagreb Art Navy muzeyi. Muzey sarıdan kasad döndük Zaqrebdən. Yenə də Damir sağ olsun!

Lotscak qülləsi

Qalxırıq Lotrscak qülləsinə. Qülləyə 2 yolla qalxmaq olar. Dünyanın ən qısa funiklyoru ilə, ya da piyada. 66ca metr, yuxarı qalxmaq 1dəqiqə çəkir. Biz “ayaqlara qüvvət” deyib piyada qalxdıq. Funiklyoru gözləyənlər maraqlı gəlir mənə 😄 Qüllə orta əsrlərdə şəhəri qorumaq üçün tikilib. Qüllədə günorta vaxtı top atışları olur. Keçmişdə kilsələrin saatlarını düzəltməsi üçün atılırmış, indi isə tərgidə bilmirlər adəti 😃. Yenicə qülləyə qalxmışdıq ki, top bizi də salamladı. Təpədən şəhərə çox gözəl deməyim, mənzərə açılır deyim. Gözəl olub olmadığına siz qərar verin. 

Qüllənin yanındakı park isə zaqreblilərin sevimli məkanıdır, xüsusən də, yay aylarında təşkil olunan konsertlər əla atmosfer yaradırmış. Pivələrin də alırlar yanlarına musiqidən feyziyab olub pivədən yudumlayırlar. Damir deyir. Biz görmədik

Donji Grada enirik. Damir fasiləsiz danışır, suallar verdikcə sevinir, hətta, sevincini dilə gətirir. Deyir, bəzən turistlər olur ki, çalışırlar mən tez danışım, sual vermirlər, maraqlanmırlar. Siz nə yaxşısız, hərəniz bir sual verirsiz 😄  O da sağ olsun, biz maraqlandıqca bütün ürəyindəkiləri boşaldır. Hətta bir kafedə otururuq, bizə də məsləhət gördüyü Xorvatiyanın məşhur KorlovackoOzujska pivələrilə boğazını yaşlaya-yaşlaya Bosniyadan qaçışlarını da danışır. O danışdıqca, Bosniyaya ürəyim ağrıyır və ən yaxın zamanda “ora getməliyəm”, deyirəm öz–özümə. Getdim də, 2 həftə sonra. Getməz olaydım. Param-parça döndük Bosniyadan. Xocalını yaşadım yenidən. 🙁

Bosniya haqqında oxumaq üçün buraya tıkqıldat 🙂

Pozitivə köklənək. Donji Grada enmişdik, axı…

Donji Grad

Donji Grad İlica küçəsini əhatə edir. Zaqrebin 3 əsas küçəsindən biridir İlica küçəsi. 6 km uzunluğu olan bu küçə Zaqrebin ən bahalı səmtlərdəndir. Alış–veriş etmək istəyənlərin üz tutacağı küçədir. Digər iki əsas küçələr, Tkalçiçeva küçəsi, Mirka Bogovica küçələri də İlica küçəsi kimi bol restoran, kafe, bar, dükanlı, gecə-gündz qaynayan küçələrdir. 

İlica küçəsi ilə Petar Peradoviç meydanını birləşdirən Oktagon pasajı yerləşir. Pasaj vaxtilə bank binasının bir hissəsi olaraq tikilib. Pasajda xorvatların ipək qalstuk, şarfları ilə məşhur brendi “CROAT”dan hədiyyəlik almaq olar, ancaq bir az bahadır. Xorvatlar qalstuk sözünün xorvat sözü olduğunu iddia edirlər. (Croat – xorvat) Hətta bu barədə hekayələri də var. 

Pasajın tikintisi zamanı bir maraqlı hadisə yaşanıb. Deməli, pasaj tikilərkən ustaların sırasına bir “usta” da qatılıb. Lakin, bu ustanın digərlərindən fərqi onun insan olmamasıdır. Pluto. Pluto küçədə yaşayan sahibsiz itlərdən biri imiş. Bina tikiləndə fəhlələrə bacardığı qədər kömək edib. Lakin, binanın tikintisi başa çatmamış ölüb. Necə deyərlər “qırmızı lenti kəsmədən” köçüb bu dünyadan. Fəhlələr də öz “kolleqa”larının əməyinə hörmət əlaməti olaraq  Plutonun şəklini binanın üzərinə həkk ediblər. Lakin, 2013-cü ildə Plutonun şəkli digər küçəyə köçürülüb.

Küçələri dolaşarkən qarşımıza üzərində tarix yazılmış bir xatirə abidəsi çıxır. Xorvatiyanın Avropa Birliyinə daxil olduğu tarix. Xorvatlar bu hadisəyə necə seviniblərsə heykəl də qoyublar. Ancaq, Avropa Birliyinə daxil olmaqdan xorvatlar o qədər də məmnun deyillər. Damir deyir ki, kənardan baxan dövlətlər elə bilir ki, Avropa Birliyinin üzvü olduqdan sonra bizə pullar axır, qaz vurub qazan doldururuq. Təəssüf ki, elə deyil. Hətta 40 ildir şərab istehsalı ilə məşğul olan dayısının birliyə daxil olduqdan sonra yeni qaydaların tətbiqindən narazılıqlarını da dilə gətirir. Dayını AZTV-yə çıxarmaq lazımdır 🙂 

Qeyd: Xorvatiya Azərbaycan vətəndaşlarından viza tələb edir (rüsum 35€). Əgər çoxgirişli şengen vizanız varsa, heç bir problem yaşamadan bu ölkəyə səyahət edə bilərsiniz. Xorvatiyanın Pul vahidi isə Kunadır. Kuna keçmişdə pulu əvəz edən heyvan dərisi imiş. Damir dedi 🙂 

Botanika bağı

Gəzə-dolaşa Botanika bağının bağlanmasına 20 dəqiqə qalmış gəlib çatdıq bu canlı guşəyə. Müxtəlif çeşiddə bitki örtüyü, balaca hovuz, balıqlar, tısbağalar, quşlar: təbiəti sevənlər üçün çox gözəl məkandır. Maqnoliya ağacları isə Zaqrebin simvoludur, demək olar ki. Hər addımbaşı rastımıza çıxır. Botanika bağına giriş pulsuzdur.

Botanika bağından çıxıb yenə üzü binalara doğru yollanırıq. Zaqrebin tarixi teatr binası, onun yanında təzə tikilən və xorvatların heç sevmədiyi yeni teatr binası, İncəsənət Pavillionu binası, Dəmir yolu binası qarşımıza çıxan bütün önəmli binalar haqda Damir bacardıqca məlumat verir. Gün olur axşam. Damirlə sağollaşmaq vaxtı gəlib çatır. Çox məlumatlı, maraqlı bələdçi oldu Damir. Bizə mütləq Plitvice göllərini və Dubrovniki  görməyi tövsiyyə edir. Damir məsləhət görürsə, deməli, getmək lazımdır.

Səhəri gün bizi Plitvice göllərinə səfər gözləyir.

Şəkillərin tamamını bizim facebook və instagram səhifələrimizdən görə bilərsiniz.