Büllur kimi gözqamaşdıran, toxunsan cingiltisi uzun müddət qulağında qalacaq, mistik havalı bir şəhərdir Praqa. Adətən, məşhur şəhərlərə səyahət edənlərin təəssüratları fərqli olur. Məsələn: Parisdən narazı olanlara, Milanın sadəcə boz binalardan ibarət olmasından şikayətlənənlərə, İstanbulu bəyənməyənlərə rast gəlmişdim. Amma,  indiyə qədər Praqa haqda “şişirdilmiş tərif olunub” deyənə rast gəlmədim. Hamının bir ağızdan dediyi cümlə var: “Praqa ruhu olan möhtəşəm şəhərdir”. Gözəlliyi isə tərif etmək yetmir. Gedib gözlərinlə görməyənədək. Getdik, gördük, heyran olduq. 

“Orta Avropanın ən gözəl şəhəri” deyərək sözə başlasam, mübaliğə etmiş olmaram. Vlatva çayının üzərində yerləşən, 1,5 milyon insana ev sahibliyi edən Praqa körpüləri, katedralları, qalası, müzeyləri, bir-biri ilə fərqli memarlıq nümunələri ilə yarışan binaları, mistik havası ilə dünyada görülməyə dəyər şəhərlərdəndir. Praqanın qurulması IX əsrə təsadüf edir. XIV əsrdə – IV Charles vaxtında şəhər yavaş-yavaş inkişaf etməyə başlayıb. Praqa Avstriya-Macarıstan imperiyasının da önəmli şəhərlərindən olub. Kommunizm dövründə isə keçmiş Çexslovakiyanın paytaxtı olub.

PRAQAYA NƏ VAXT GETMƏLİ?

Praqa ilin hər fəslində gözəl şəhərdir. Amma, iqlimi nəzərə alsaq, qış ayları bir az soyuq olur. Elə ona görə də, turistlərin əsas axın etdiyi vaxt yay aylarıdır. Lakin, soyuğa rəğmən yeni il ərəfəsində qurulan milad bazarları, şəhərin hər küçəsində hiss olunan bayram atmosferi Praqaya səyahəti mütləq edir. Yeni ildə özünüzə və ya əzizlərinizə hədiyyə fikirləşirsinizsə, heç düşünmədən Praqaya səyahət təşkil edin deyərdim. Bizim kimi.

Qeyd: Çexiya Avropa Birliyi ölkəsidir, Schengen zonasına daxildir və Azərbaycan vətəndaşlarından viza (şengen) tələb edir.  

PRAQADA METRO, AVTOBUS, TRAMVAY YOXSA TAKSİ?

Praqa çox funksional nəqliyyat sisteminə malikdir. Üç gün ərzində taxi, metro və tramvaydan istifadə etdik. Rəhbərimiz əvvəlcədən bizi xəbərdar etdi: “Taksiyə oturan kimi qiymət danışın. Sürücü sayğacı işə salsa, bütün şəhəri dolaşdıracaq sizi”. Ancaq, bələdçimizin dediyi sürücüyə rast gəlmədik. Sag olsun vicdanlı sürücülər.

Praqa metrosu üç xətdən – A (yaşıl)B (sarı), C (qırmızı), xətlərdən ibarət, çox da çətin olmayan sistemə malikdir. Biletlər isə 30 dəqiqəlik, 90 dəqiqəlik və günlük biletlərdən ibarətdir və metrolardan almaq olur. Kartla və kağız pulla almaq mümkün deyil, ancaq və ancaq dəmir çex kronu ilə. Alınan biletlər bütün ictimai nəqliyyatda keçərlidir. Metro xəritəniz varsa, heç bir problem yaşamadan bu nəqliyyatdan rahat istifadə edə bilərsiniz. Xəritə üçün bu linkə tikqıldat.

Tramvay sistemi də metro kimi ən çox istifadə edilən nəqliyyatdır. Əsas tarixi yerlər isə 4,17,22 saylı xətlərdən istifadə edilməklə görülə bilər. Uzun müddət qalanlar isə Praguecard ala bilərlər. Kartın bir sıra üstünlükləri var. İctimai nəqliyyatdan pulsuz istifadədən, 50-yə yaxın görüləsi yerlərə endirim və pulsuz girişlərə qədər. Praguecard haqqında bu linkdən məlumat əldə etmək mümkündür.

PRAQADA GƏZİLƏCƏK YERLƏR.

Praqa gəzintisini hissələrə ayırsanız, şəhərin kəşfi daha asan olar. Praqa qalası, Karl körpüsü, Qədim şəhər meydanı, Wenceslas meydanı, Vyşehrad, Kafka muzeyi, Rəqs edən bina, Tyn kilsəsi, Müqəddəs Nicolas kilsəsi, Barıt qülləsi, Vlatva çayı, John Lenon divarı və s. və s. Siyahını çox uzatmaq olar. Mən sadəcə bizim 3 günə sığışdırıb görə bildiklərimizi sadaladım. Burdan da belə nəticəyə gəlmək olar ki, Praqaya 3 gün ayırmaq azlıq edir.

QƏDİM ŞƏHƏR MEYDANI – STAROMESTKE NAMEŞTE

İlk əvvəl Qədim şəhərdən başlayaq. Praqanın ürəyi, turistlərin ən sevdiyi məkan olan Qədim şəhər Wenceslas meydanı ilə Karlov körpüsü arasında 1,7 hektarlıq ərazini əhatə edir. Meydanının əsas tarixi abidələri Tyn kilsəsi, Astronomik saat, Qədim Bələdiyyə binası, Jan Hus heykəli və Kinsky sarayıdır.

TYN KİLSƏSİ – TYNSKY CHRAM

Qədim şəhər meydanında gotik üslubda tikilən, bir növ Disney cizgi filmlərindəki qalaları xatırladan Tyn kilsəsi XIV əsrdə bu bölgənin ən mühüm abidəsi olub. Kilsə Cizvitlərin qızıl qədəhi əridib Madonna fiqurunu hazırlaması ilə məşhurlaşıb. Kilsənin dekorasiyasında qara və qızılı rənglər hakimdir. Kilsəyə giriş sərbəstdir.

ASTRONOMİK SAAT – PRAZSKY ORLOJ

Praqada görüləsi yerlərdən ən əsası Old Town-da yerləşən Astronomik saatdır. Dünyanın 3-cü ən qədim işləyən astronomik saatı 1410-cu ildə Mikulaş of Kadan və Jan Şindel  tərəfindən inşa edilib. Tarix boyu zədələr alan saat, bir müddət fəaliyyətsiz də qalıb. Ən böyük xəsarəti isə II Dünya müharibəsi zamanı alıb. Saatın üzərində 3 halqa var ki, birincisi Çex vaxtını, ikincisi Avropa, üçüncüsü isə Babil vaxtını göstərir. Hər saat tamamında saatın üstündə yerləşən 4 bir-birindən fərqli fiqur hərəkətə gəlir. Turistlərin də ən sevdiyi səhnə elə budur. Bu dörd fiqur nəyi ifadə edir bəs? Soldan sağa doğru:

  • Əlində güzgü olan fiqur – özündənrazılığı;
  • Əlində qızıl kisəsi olan fiqur – acgözlüyü və sələmçiliyi;
  • Üçüncü fiqur isə – şəhvət, maddi arzuları ifadə edir;
  • Skelet fiquru – ölümün var olduğunu xatırladır.

Metronun A və B xətlərindən istifadə edərək Mustek stansiyasında enməklə qədim şəhər meydanına  getmək mümkündür.

MÜQƏDDƏS NİCOLAS KİLSƏSİ – KOSTEL SVATEHO MİKULAŞE

Müqəddəs Nikolas Kilsəsi Qədim şəhər meydanında XVIII əsrdə barok üslubda tikilib. Əvvəllər yerində qotik kilsə olub. Müəllifi Giovanni Domenica Orsidir. Kilsəyə giriş ödənişlidir.

BARIT QÜLLƏSİ – PRAŞNA BRANA

Qədim şəhəri Yeni şəhərdən ayıran Barıt qülləsi. XI əsrdə qotik üslubda tikilmiş bu Praşna Brana  Praqanın 13 orijinal qapılarından biridir. İlk tikildiyi zamanlar qüllənin adı Yeni Qüllə olaraq adlandırılmışdı. XVII əsrdə qüllə barıt saxlanması üçün istifadə edilib. Elə buna görə də adı o vaxtdan Barıt qülləsi və ya Barıt qapısı qalıb. Hal-hazırda Barıt qülləsi sərgi olaraq istifadə olunur. 186 pilləli 44m hündürlüyə malik binanın üst qatıına qalxmaqla şəhəri yüksəkdən seyr edə bilərsiniz.

WENCESLAS MEYDANI – VACLAVSKİ NAMEŞTİ

Praqanın Yeni şəhər bölgəsinin ən mühüm meydanlarındandır. Bir çox tarixi abidələrə ev sahibliyi edib. Orta əsrlərdə at bazarı olaraq istifadə olunan meydanın adı da elə “Konsky trh” olub. Sonralar isə Müqəddəs Wenceslasın adına indiki adı ilə adlandırılmışdır. “Məxməri inqilab”, komunizmin dağılması, bütün nümayişlər məhz bu meydanda baş verib. Meydandakı Müqəddəs Venclav heykəli 1912-ci ildə ucaldılıb. Meydanın ətrafı dükanlar, restoran kafelər, klublar, otellərlə zəngindir. Meydanın ətrafında Milli muzey yerləşir.

PRAQA QALASI – PRAZSKY HRAD

Ərazisinin böyülüyünə görə Praqa qala kompleksi Ginnesin rekordlar kitabına düşüb. IX əsrdə Praqanın ən yüksək təpəsində tikilən qala bir neçə memarlıq üslubunu özündə cəmləyib.

Qala kommunizm dövründə xalqa qapalı olub. Kommunizmdən sonra ilk çex prezident 1987-ci ildə “Məxməri inqilabdan” sonra Vlaclav Havelin təşəbbüsü ilə ziyarətə açılıb. Hal-hazırda da prezident həmin kompleksdə prezident sarayında oturur. Prezidentin ölkədə olub-olmamasını isə çexlər çox asanlıqla bilirlər. Əgər bayraq ucalıb, dalğalanırsa, onda prezident ölkədədir, yox əgər bayraq endirilibsə, onda prezident ölkədə deyil. Biz Praqada ikən bayraq dalğalanmırdı, yəni prezident ölkədə yox idi.

Çex prezident barədə başqa bir maraqlı məlumat da onun maşını haqqında oldu. Çex prezidentinin maşını Şkodadır. Bəli, bəli, nə mercedes nə də digər başqa məşhur maşınlar. Şkoda.

Qalaya giriş üçün ciddi yoxlamadan keçmək lazımdır. Cibindəki qəpiklərə kimi yoxlayırlar hər kəsi. Elə bu yoxlama sayəsində də qalanın qarşısında upuzun bir növbə vardı. Bu qədər uzun növbəni sonuncu dəfə Ayasofya qarşısında görmüşdüm. Qalanın qarşısında əsgərlərin növbə dəyişmə mərasimi olur. Maraqla mərasimi gözlədik, izlədik, çox da bəyənmədik. Quru idi bir az. Zaqrebdə, Afinada bu mərasim daha maraqlıdır.

Qala kompleksin əsas abidələri isə Müqəddəs Vitus Katedralı, Qədim Kral sarayı,  Qızıl yol, Müqəddəs Goerge Bazilikası, Wenceslas üzümlükləridir.

MÜQƏDDƏS VİTUS KATEDRALA – KATEDRALA SVATEHO VİTA

Praqa qalasının şah əsəri Müqəddəs Vitus Katedralıdır. Şəhərin ən önəmli dini mərkəzi olan bu katedral qotik üslubda 1344-cü ildə tikilib. Bütün kral və kraliçaların inaqurasiya mərasimlərinin keçirildiyi yer olub. Katedralın bir qisminə giriş pulsuzdur. Qalan yerləri görmək üçün isə bilet almaq lazımdır. Biletləri online bu linkdən əldə etmək olar.

QIZIL YOL – ZLATA ULİÇKA

Qızıl yol Praqa qalasında rəngarəng evləri, suvenir dükanları, XIV əsrə aid silah muzeyi ilə məşhur  daş döşəməli dar küçədir. Adının qızıl olması haqqında isə əfsanə var. İnanclara görə XVI əsrdə bir sıra kimyaçı burada qızıl axtarmış. Bir müddət bu küçə Kimyaçılar küçəsi adlandırılmışdır. Küçəyə giriş biletlədir.

KRAL SARAYI – STARY KRALOVSKY PALAC

Praqa qalasının ən mühüm tarixi məkanlarındandır. Hal-hazırda prezidentlərin vəzifələrinə başladığı yer olaraq istifadə olunan saray IX əsrdə tikilib. Keçmişdə Bohem kral və kraliçalarının iqamətgahı olub. Bir şeyi etiraf edim ki, hələ bu qədər sadə dekorlu saray görməmişdim.

Praqa qalasının digər önəmli abidələrindən olan Müqəddəs George Bazilikası 921-ci ildə şəhzadə Vratislav tərəfindən tikdirilib. Bazilika günümüzdə tarixi abidə, muzey olaraq istifadə edilir, dini ayinlər keçirilmir. Bazilikaya giriş biletlədir.

Bazilikanın yanında isə Müqəddəs George Monastırı yerləşir. Monastır X əsrdə şəhzadə Mlada tərəfindən tikdirilib. 1782-ci  ildə bağlanan monastır hal-hazırda tarixi əsərlərin nümayiş etdirildiyi sərgi kimi istifadə olunur.

MÜQƏDDƏS WENCESLAS ÜZÜM BAĞI – SVATOVACLAVSKA VİNİCE

Praqa qalasının son dayanacağı, Malostranska metro stansiyasının qərb hissəsində yerləşən üzümlük Çexiyanın ən qədim üzüm bağıdır. Bu bağda Wenceslas-ın şəxsən çalışdığı hesab olunur. Bağın yaxınlığında yay aylarında fəaliyyət göstərən restoran da mövcuddur.

KARL KÖRPÜSÜ – KARLOV MOST

Praqanın əsas simvollarından biri hesab olunan Karlov most və ya Karl körpüsünün tikintisinə 1357-ci ildə başlanıb, XV əsrin əvvəlində isə tamamlanıb. Eni 10m, uzunluğu 621m  olan daş körpünün adı Kamenniy most və ya Prazskiy most olub. Sonradan isə Karlov most adlandırılıb.  Vlatva çayının iki sahilini – Mala strana və Stare Mesto bölgələrini bir-birinə bağlayır. Körpünün üzərində 30-yaxın heykəl var. Həmçinin körpüdə karikatüristlər, canlı musiqi ifaçıları, hədiyyəlik əşya, əl işləri satanlara da rastlamaq olur. Yeni ildə körpü üzərində addım atmağa yer yoxdu.

JOHN LENNON DİVARI

Praqada turistlərin qarşısında sadəcə şəkil çəkdirdiləri graffitili rəngli bir divar kimi gəlir insana. Lakin adi bir divarın belə hekayəsi varsa, o divar ziyarət edilməli yerlər sırasına daxil olur. 1980-ci ilə qədər gənclər bu divarı “Beatles” qrupunun əfsanəvi üzvü John Lenonun ölümündən sonra onun graffitiləri, mahnilarindan sözlərlə bəzəyirdilər. Lakin sonradan – 1988-ci ildə divara kommunist rejime qarşı öz etirazlarını da əlavə etməyə başladılar. Bu da gənclərlə polis arasında qarşıdurmaya səbəb oldu. Gənclərin bu etiraz hərəkati bir az ironik səslənsə də, “Lennonism” adlandırılırdı. O dövr çex hökuməti bu gəncləri psixoloji problemli, içki aludəçisi və Qərbin agenti kimi qələmə vermişdi.

VYŞEHRAD – YÜKSƏK QALA

X əsrdə tikilən bu qala Vlatva çayı sahilində yüksək təpədə yerləşir. Vyşehrad qalası içində Müqəddəs Peter və Müqəddəs Paul Bazilikası yerləşir. Bazilika XI əsrdə neo qotik üslubda tikilib, sonralar yanğın zamanı məhv olub, ancaq, yenidən bərpa olunub. Bazilikanın arxasında park və qəbirstanlıq var. Park və qəbirstanlıq. Bir az maraqlı səslənir. Vyşehrad qəbirstanlığının başqalarından fərqi var. Burada Şexiyanın məşhur insanları uyuyur. Məzar daşları da adi alışdığımız kimi deyillər. Muzey eksponatları kimi fəqli daşlar biri-birləri ilə yarışır elə bil.

FRANZ KAFKA BÜSTÜ – FRANZ KAFKA HLAVU

Çex memar David Çerny-nin sonuncu əsərlərindən  olan abidə Praqanın məşhur alış-veriş mərkəzi Quadrio-nun qarşısında, metronun Narodni Trida stansiyasında yerləşir. 39 ton ağırlığında olan büst 42 hərəkət edən dəmir dilimdən ibarətdir və hündürlüyü 11 metrdir. 2014-cü ildə ucaldılan abidə turistlərin marağına səbəb olur. Bütün turistlər kimi, biz də Kafkaya baş çəkməyə getdik. Bilmirəm bizmi çox şanslıyıq, yoxsa nədəndir, il boyu dönüb duran Kafkanın başı, bizi görüb dönmədi. Gözlədik, alış-veriş mərkəzinə girdik, dolaşdıq, çıxanda yenə baş çəkdik. Ölərəm, amma dönmərəm dedi. Franz Kafkanın adına muzey də var Praqada. Qarşısında isə suvenir dükanı, yanında isə Concept store yerləşir. Kafka sevərlər muzeyə baş çəkə bilərlər. Concept store-da isə Çexiyanın dizaynerlərinə məxsus fərqli üslublarda əsərlər, bijuteriyalar, çilçiraqlar sərgilənir.

PRAQADA NƏ YEYİLİR, NƏ İÇİLİR?

Çex mətbəxi dünyada məşhur yeməkləri ilə seçilməsə də, Praqadan ac qayıtmayacaqsınız. Əsasən, donuz əti, kartof, dana ətli yeməkıər üstünlük təşkil edir mətbəxlərində. Məşhur şorbaları kartoflu şorba, gulaş şorbası, bramboraçka, zelna polevka (dil şorbası), kureci polevka s nudlemi (eriştəli toyuq şorbası) bizim ağız dasımıza uyğundur.  Əsas yeməklərdən isə hovezi gulas s knedlimem (gulaş yeməyi, dilimlənmiş xəmir çörəklə), smezeny syr (qızarmış pendir), peçeny kure s brambory (qızarmış kartoflu toyuq), Pečená kachna se zelím a knedlíke (qızarmış ördək) Smažené žampiony (qızarmış göbələk).

Ayaqüstü şəhərdə fast food-lardan isə əsasən kartof, sosiska pizza və qızarmış donuz əti üstünlük təşkil edir. Vařené brambory: (kartof soyutması), Opékané brambory (kartof qızartması), Bramborová kaše (kartof püresi) kartofun hər cürəsinə rast gəlmək olar. Dadları da Gədəbəy kartofundan heç geri qalmır. İlk gün bələdçimizin məsləhəti ilə “Kuhinya Praha” ya getdik. Çox da razı qaldıq, qiymət münasib, dadlı yemək, isti yer 😃. -8 dərəcədə isti yerdə olmaq yeməkdən, içməkdən daha önəmli olur. Sonrakı gün isə “U vesele basy” restoranında yerli mətbəxdən dadmaq istədik. Praqaya getsəniz, bu restorana heç getməyin. Diqqətsiz personal, aşağı xidmət, çox da dadlı olmayan yemək və 36 € çölə atılmış pul. Heyif.

ŞİRNİYYATLARI

Praqanın ən məşhur şirniyyatı hər addımbaşı rast gələcəyiniz, Macarıstanda, Rumıniyada da dadına baxdığımız Trdelnikdir. Sadə trdelniklə yanaşı şokoladlı, dondurmalı, meyvəli, mürəbbəli, pendirli, istədiyiniz şəkildə “Good food” kafesində yeyə bilərsiniz. -8 dərəcədə dondurmalı çiyələkli trdelnik yeyən yeganə insan mən ola bilərdim. Palaçinky – Balkanların hər şəhərində rast gəldiyimiz (blinçik) dadına doyduğumuz şirniyyat. Onu da istədiyiniz şəkildə, şokoladlı, mürəbbəli, dondurmalı sifariş edə bilərsiniz. Bir də dadına yaxşı bələd olduğumuz medovnik – ballı tort. Çox ləzzətlidir. Bir də çox sevdiyim, şokoladçarı ilə məşhur “Çokoladova Prazska Manufaktura” kafesini məsləhət görürəm. Gözəl konsept, gülərüz personal və dadlı şokoladlar, şirniyyatlar.

İçkilərinə gəldikdə isə isti şərab, isti şokolad qışda, dondurucu havalarda isinmək üçün  ən yaxşı vasitədir. Su yerinə içilən pivəyə isə hər addımbaşı rast gəlinir. Pivnice-lər isə dolub daşır içkisevərlərlə, hələ yeni il axşamı içilib şüşələri küçələrə atılan pivələr, digər içkilər. Son illər yerli pivələr xarici markalarla rəqabətə girəcək dərəcədə yaxşı istehsal edilirmiş. Elə dedi bələdçimiz.

PRAQADA ALIŞ – VERİŞ

Praqa bütün turistik şəhərlər kimi alış-veriş cəhətdən bol şəhərdir. Yerli, xarici markaların bir-biri ilə yarışdığı şəhərdir Praqa. Hər nə desən var burada. Hələ yeni il ərəfəsində qurulan milad bazarlarından istədiyiniz qədər alış-veriş etmək olur. Qədim şəhər meydanı, Vaclav meydanı, Staromestke nameste-də bir-birindın fərqli suvenirlər, hədiyyəlik əşyalar seçməkdə çox çətinlik çəkəcəksiniz. O qədər seçim var ki. Xüsusilə də, məşhur çex markası “Blue Praha” kristalları, çexlərlə nə əlaqəsi olduğunu anlamadığım matruşkalar, əl işi kuklalar, yüz cürə çeşidli maqnitlər, yerli istehsal istiotlu-duzlu şokoladlar. Saymaqla bitmir.

Praqada geyim üçün alış-veriş etmək istəyənlər Quadrio ticarət mərkəzinə, Palac Myselbek və Cerna Ruze pasajlarına baş çəkə, məşhur markaların məhsullarını ala bilərlər. Bir də Praqada azərbaycanlı satıcıya rast gəldik biz. Söhbət etdik, məlumat aldıq bir az və əlbəttə ki, ondan çex istehsalı saat aldıq. Sag olsun endirim də etdi. Əgər xeyir həmvətənimə qalsın deyirsinizsə, Karlova 23-də yerləşən “Made by Praha” dükanına siz də baş çəkin.

Praqada keçirdiyimiz üç günə ancaq sadaladığım yerləri gəzib, yeni il axşamı atəş-fəşanlığı izləyib, hər günü dolu-dolu keçirməyə çalışsaq da, doymadıq. 3 gün azdır bu gözəl şəhər üçün. Yenidən Praqaya dönmək arzusuyla geri dönürük.