Çay kənarında yerləşən şəhərlərin bir başqa havası olur. İncə ruhlu, bir az işvəli, bir az nazlı, Budapeşt kimi. Ahəstə-ahəstə axan Dunayın hər iki sahilinə yayılan, Buda və Peşt hissələrindən ibarət olan Budapeşt gözəl bir qiz kimi diqqəti özünə çəkə bilib. Son illərdə iki dəfə səyahət etdiyim və gəzmək istəyənlərə israrla məsləhət gördüyüm şəhərdir. Bu gözəl şəhərin kəşfi sadəcə 3-4 gününüzü alacaq, əvəzində unuda bilməyəcəyiniz təəssüratlar bağışlayacaq. Köklü tarixi mirasa sahib olan macar xalqı əlində olan bu zərin qədrini bilir, tarixlərinə sahib çıxaraq bütün abidələrə həssaslıqla yanaşırlar. Elə buna görə də Budapeştdə UNESCO mirası olan bir neçə tarixi abidə var.

BİR AZ MACARLAR HAQDA

Macarlar Orta Asiyadan gələn köçəri tayfaların Avropaya yerləşərək, oturaq həyata keçmişlər. Bütün Avropa onları Hun türklərinin varisi kimi qəbul edərək Hungary adlandırsa da, onlar özlərini Macar (Magyar) hesab edirlər. Macarlar tarix boyu müxtəlif imperiyalar tərəfindən idarə olunmuş, hər mədəniyyətdən öz nəsiblərini almışlar. Osmanlı, Rus, Avstriya-Macarıstan imperiyalarının izləri ölkənin memarlıq abidələrində, mətbəxində, folklorunda hiss olunur. Ölkədə rəsmi dil macar dilidir və ilk baxışda  bir qədər çətin dil kimi görünür. Budapeşt səfərində öyrəndiyim iki söz vardı, o da binaların üzərindəki elanlardan: elado – satılır, kiado – kirayə verilir.  

Macarıstan uzun müddətdir ki, Avropa Birliyi ölkəsidir, ölkəyə giriş üçün şengen viza (35€) tələb edilir. Milli valyutası isə macar forintidir. (HUF)   

BUDAPEŞTƏ NƏ VAXT SƏYAHƏT ETMƏLİ?

Budapeştə səyahətin ən gözəl vaxtı yay aylarıdır. Lakin, Pasxa bayramında, Yeni il ərəfəsində təşkil olunan bayram şənliklərində Budapeşt bir başqa bəzənir. Həmçinin Bakıdan Avropaya ən ucuz hava yolu şirkətinin də məhz Budapeştə uçuşu bu şəhəri görməyi  zəruri edir. Budapeştə gəlmişkən oradan Avstriyaya da bir baş çəkmək, Vyananı görmək şansını özünüzə çox görməyin. Vyana haqda yazı üçün buraya tıkqıldat

BUDAPEŞTDƏ İCTİMAİ NƏQLİYYAT

Budapeşt çox əlverişli ictimai nəqliyyata malikdir. Avtobus, tramvay, trolleybus, metro. Baxmayaraq ki, otelimiz şəhərin mərkəzində yerləşirdi və Big Bus turlara qatıldıq, yenə də metro və avtobusdan da istifadə etməli olduq. Big bus turlar (15€) şəhəri görmək nöqteyi nəzərindən çox rahatdır. Dunay çayı üzərində gəmi ilə gəzinti də daxil olmaqla bütün turistik yerlərə audio bələdçiylə səhər axsam turlar təşkil edirlər.

Tramvay və trolleybuslar səhər 4.30-11.00 arası xidmət göstərirlər. Biletlər isə əvvəlcədən alınmalıdır. İctimai nəqliyyatdan biletsiz də istifadə etmək olar. Ancaq, qəfil yoxlama olarsa, cərimə olunacaqsız. Risk etmək sizə qalıb artıq. Biz biletimizi aldıq.

3 xətdən ibarət Budapeşt Metrosunda isə bilet almaq müşkül məsələdir. Çünki bu cür turistik şəhərdə çox məlumat, demək olar ki, macar dilindədir.

Nəqliyyat xəritəsi üçün buraya tıkqıldat.

BUDA YOXSA, PEŞT?

Qaynayan şəhər, küçələr, əyləncə, restoran, kafe, bar, alış-veriş, daha çox gənc nəslin üstünlük verdiyi hər şey Peştdə cəmləşib. Şəhərin nəbzi burada atır. Buda isə daha sakit, bol yaşıllıq, Dunay çayının gözəl mənzərəsi ilə baş-başa, səs-küydən uzaq, tarixlə iç-içə bir yer arzulayanlara qucaq açır. Biz cavan nəsillərə xitab edən Peştə üstünlük verdik və otelmizi həmişəki kimi booking.com saytından seçdik. (Danibius Astoria hotel, 4*, 80 €) Budapeşt son zamanlar turistlərin axın etdiyi şəhərlərdən olduğuna görə burda hər büdcəyə uyğun otel, hostel, kirayə ev apmaq asandır.

BUDAPEŞTİN BUDASI

Tarix boyu Buda dövlət adamları və zadəgan ailələrə ev sahibliyi edirdisə, Peşt tacirlərin məskunlaşdığı bölgə olub. Hazirda da Budapeştin Budası bir az imkanlı təbəqənin yaşadığı bölgədir. Budada evin varsa, deməli, pulun var.

Budada nə edək, haraları görək”, deyib fikirləşməyin. Sizin üçün başlayırıq sıralamağa. İlk növbədə, Budapeştin ən yüksək təpəsi – Gellert təpəsindən başlayaq. Təpəyə qalxıb Müqəddəs Gerardın adına həsr olunmuş, II Dünya müharibəsində həlak olan Sovet əskərlərinin şərəfinə ucaldılmış Azadlıq abidəsinə baş çəkin. Citadelladan Budapeştin əsrarəngiz mənzərəsini seyr edin.

Qala təpəsinə çıxın, istər piyada, istər funiklyorla, istərsə də, avtobusla. Qala təpəsindəki Kral sarayını ziyarət edin, içindəki muzeylərdən ən azı biri ilə tanış olun. 

XI əsrdə neoklassik üslübda tikilən Roman katolik Matthias kilsəsinə baş çəkin. Kilsənin ilkin vəziyyətindən bu günə heç bir iz qalmayıb. Hazırda görünən bina XIV əsrdə tikilib, XIX əsrdə isə tamailə yenidən bərpa olunub.

Nəhayət, Budapeştin ən gözəl guşəsi – neo qotik, neo klassik üslubda tikilmiş Balıqçılar qalasını mütləq həm səhər, həm də axşam görün. Qala adını orta əsrlərdə bu bölgəni qorumaqla məsul olan balıqçılar birliyinin adından götürüb. Qalanın 7 ədəd qülləsi isə IX əsrdə Karpat hövzəsində məskunlaşmış qəbilələri təmsil edir. Günün, ayın, həftənin istənilən vaxtı açıqdır Balıqçılar qalası. Qaladan Dunay çayına, Peştə, Marqarit adasına möhtəşəm mənzərə açılır.

Vaxtınız olsa, Budapeştin termal sularıyla məşhur hamamlarına bir baş çəkin. Biz “gələn dəfə”yə saxladıq. Budapeştə qayıtmaq üçün səbəb olsun növbəti səfərdə.

 BUDAPEŞTİN PEŞTİ

Peşt daha çox gənc nəslə xitab edən bölgədir, ancaq, burada da mütləq görülməli yerlər var. İlk növbədə Budapeştin ən böyük meydanı – Qəhrəmanlar meydanından başlayaq.  

Meydan Budapeştin önəmli bölgələrindəndir və burada  macar qəhrəmanları və liderlərinin heykəlləri ucaldılıb. Həm səhər, həm də axşam bir başqa gözəl olan meydanın sağında isə dünyanın ən böyük qum saatlarından olan Zaman çarxı yerləşir. Ümumilikdə 60 ton ağırlığı olan qum saatı 2004-cü ildə Macarıstanın Avropa Birliyinə daxil olması şərəfinə hazırlanıb.

Qəhrəmanlar meydanın ətrafında isə şəhər parkı və göl yerləşir. Parkın içində yerləşən  Vajdahunjad qalasını, qalanın içində yerləşən naməlum heykəli ziyarət edən səyahətçilərdən olun. Neo qotik, neo klassik, barok, reneissance – bir sözlə bütün memari üslubları özündə birləşdirən və 21 binadan ibarət olan qala kompleksdə Macarıstan kənd təsəsrrüfatı muzeyi yerləşir.Qəhrəmanlar meydanından uzaqlaşıb Budapeştin əsas alış-veriş küçəsində – Andrassy Utca-da bazarlıq edin, ancaq digər əsas mərkəzi, dükanlarla bol Vatçi Utcaya da yer saxlayın.

Əlbəttə ki, Budapeştin vizit kartı, dünyanın 3-cü böyük parlamenti olan Parlament binasına baş çəkmədən geri dönməyin. 691 otağını bir-bir olmasa da, bir hissəsini dolaşın. Qeyd edim ki, parlament binasına giriş biletlədir və turistlər fərqli taarif ödəyirlər. 

BUDA VƏ PEŞTİ QOVUŞDURAN KÖRPÜLƏR

Budanı Peştəyə qovuşduran 8 körpü onsuz da gözəl olan Budapeşti daha da cəlbedici edir. Bu körpülərin “anası” isə Zəncirli körpü ən geniş daş körpüdür. Girişində aslan heykəlləri ilə hər kəsi qarşılayan körpüdən Dunayın nazlı axışını seyr edin, piyada Budaya keçin. Yaxud da sahildəki gəmi turlarına qatılın. Dunay boyu gəmiylə bu iki sahil arasında yerləşən Margarit adasına baş çəkin, buranın yaşıllıqlarında dərin bir nəfəs alın.

 BUDAPEŞTDƏ NƏ YEYƏK?

Macarıstanın milli mətbəxinin əvəzolunmazı Qulaş şorbasıdır. Bütün restoranların menyusunda rast gəlmək mümkündür. Macar fast food-u Langosun dadına baxın. Orta Avropada məşhur olan müxtəlif ölkələrdə fərqli adlandırılan, macarların isə Kürtöskalacs dedikləri kürtöş şirniyyatının ətrini ciyərinizə çəkin, yeməkdən saxlaya bilməyəcəksiniz özünüzü onsuz.

Vaxtınız olsa, dünyanın ən gözəl kafesi adını almış, New York kafedə bir qəhvə için. Spirtli içki sevənlərdənsinizsə, macar şərabı Palinkanı, macar pivəsini də dadmağı unutmayın.  

Bir şəhəri 3-5 günə sığışdıraraq gəzmək nə qədər çətindirsə, onu  3-5 kəlimə ilə ifadə etmək ondan da çətindir. Bacardığım qədər tanıtmağa çalışdım.

Sizə gözəl mütaliə arzusuyla, növbəti şəhərlərdə görüşənədək…

Daha çox şəkil üçün instagram və facebook dan izləyin. 🙂