İstanbul deyəndə gözünüzün önünə yeddi təpə üzərinə qurulan, iki qitəni bir-birinə bağlayan möhtəşəm şəhər gəlməsin sadəcə. Bu şəhərin sehri dənizə də səpələnmiş, ətrafı 9 ada ilə çevrələnmişdir. İstanbula zənginlik qatan, onun gözəllik xəzinəsinin tacı, adaların şahı Böyükadadır.

Böyükada istanbulluların nəfəs aldığı, oksigenə doyduğu, şəhərin səs küyündən uzaqlaşıb, onun yorğunluğunu qısa müddətə də olsa unutduracaq, təbiətlə baş-başa vaxt keçirə biləcəyi bir cənnətdir. Dənizi, yaşıllığı, quşların cəh-cəhi, faytonların cingiltisi, atların ayaq səsləri, hər biri bir hekayə  danışan tarixi  köşklərin nəcibliyi ilə Böyükada bir anlıq başqa bir dünyaya aparır insanı.

 BÖYÜKADANIN TARİXİNƏ BİR NƏZƏR

Böyükadanın keçmişi çox təəssüf ki, indiki kimi parlaq olmayıb. Bizans imperiyası zamanında taxt uğrunda mübarizə edən şəhzadə və önəmli xadimlərin sürgün edildiyi yer olub. Adanın adı da yunanca “Prinkipos” yəni şəhzadə adından götürülərək “Prins” adaları adlandırılmışdır. Osmanlı imperiyasının tərkibinə isə Fatih Sultan Mehmet tərəfindən qatılmışdır. I Dünya müharibəsi illərində yunanların adadan köçməsi ilə ada boşalmış, öz canlılığını itirmişdi. 1940-cı illərdə bir çox dövlət adamının, varlı ailələrin adaları bağ evi olaraq istifadəsi, burada bir-biri ilə yarışan köşklərin tikintisini artırmış, adaya yeni, ikinci bir həyat vermişdi.

 ADAYA NƏ VAXT VƏ NECƏ GETMƏLİ?

Büyükadaya səyahətin ən gözəl, qaynar vaxtı yay aylarıdır. Qışda isə adaya sükut çökür sanki. Qurban və Ramazan bayramlarında İstanbulda qalan şəhər sakinləri adalara rəsmən axın edirlər. Bəs adalara necə getməli?

Adalara səyahət keçmişdə nə qədər çətin olubsa, hal-hazırda o qədər asanlaşıb. 1846-cı ildə İstanbul-Adalar qayıq səfərləri başlayıb. İDO (İstanbul Deniz Otobüsü) ilə yanaşı bir çox tur şirkətləri də adalara səfər təşkil edirlər. Kabataş, Kadıköy, Bostancı, Kartal limanlarından hərəkət edən gəmilər sizi Büyükadaya aparacaq. Qiymətlər isə səyahət sıxlığına və fəsilə görə dəyişir.

ADADA FAYTON, VELOSİPED, YOXSA?

Ada daxilində nəqliyyat sistemi, rəsmi maşınlar istisna olmaqla, velosiped, fayton və ayaqlardan ibarətdir. Bu da Büyükadanın ən əsas özəlliyidir. Ancaq, velosiped və fayton yolu ayrılmadığına görə bəzən yollarda təhlükəli anlar yaşanır. Fayton dayanacağından kiçik və ya böyük turlar alaraq adanı faytonla dolaşa bilərsiniz (45-75 tl) və ya faytondan daha ucuz velosiped kiralaya bilərsiniz.( 1saat 15 tl) Əgər enerjinizə və ayaqlarınıza güvənirsinizsə, onda velosipeddən də ucuz – piyada adanın kəşfinə çıxa bilərsiniz.

BÖYÜKADADANIN KƏŞFİNƏ HARADAN BAŞLAMALI?

Böyükadaya ilk səfərimizdə faytonla dolaşdığımıza görə adadan yarımçıq təəssüratla qayıtmışdıq. Rəngarəng köşklərin qarşısından bir göz qırpımında keçən atlar bu gözəl memarlığı olan evləri incələməyə imkan verməmişdi. Elə ona görə də növbəti səfərimizdə adanı piayada gəzməyi qərara aldıq.

Adaya ayaq basar-basmaz sahildən bir az uzaqlaşan kimi qarşınıza saat meydanı, onun sonunda isə saat qülləsi çıxır. Saat qülləsi 1923-cü ildə – Türkiyə Cumhuriyyətinin qurulduğu il inşa edildiyi təxmin olunur. Saat meydanından uzaqlaşdıqca isə adanın içərilərinə doğru bir-bir tarixi köşklər, otellər sıralanmağa başlayır.

AYA YORGİ KİLSƏSİ

Böyükadanın ən hündür təpəsində Aya Yorgi kilsəsi, onun yanında isə Aya Yorgi monastırı yerləşir. Kilsəyə qalxmaq üçün adanın atlar meydanı deyilən hissəsinə fayton, velosiped və ya piyada gedib oradan bir az əziyyətli olan 1km -lik dik yamacı çıxmaq lazımdır.  Ancaq, təpəyə qalxıb İstanbula açılan mənzərəni gördükdə bu qədər zəhmətin bəhrəsi alınmış olur.

Aya Yorgi kilsəsinə 23 aprel-24 sentyabr tarixlərində dini ayinləri yerinə yetirmək üçün xristianların axışı başlayır. Bu dini inanclara insanların öz əlavələri də var. Ağaclara parça bağlayanlardan tutmuş, yola rənglı saplar sərənlərə, ev, iş, sağlamlıq, maşın duaları satanlara qədər. Kilsəni ziyarət etdikdən sonra yaxınlıqda yerləşən dünynın ən böyük taxtadan tikilmiş Yunan yetimxanasını da görün. Elə oradaca – kilsənin arxasındakı çay baxçasında oturub mənzərədən həzz ala-ala bir pürrəngi çayı da özünüzə çox görməyin.

Büyükadanın Aya Yorgidən başqa digər önəmli kilsəsi Ayios Dmitrios kilsəsidir. Bu kilsəyə pravoslav xristianlar dini ayinlərini yerinə yetirmək üçün üz tuturlar.

Büyükadada kilsələrlə yanaşı 4 məscid də fəaliyyət göstərir. Bunlardan ən önəmlisi isə II Abdulhamid tərəfindən tikdirilmiş Hamidiyə məscididir. Məscid Ada Cami küçəsində yerləşir.

Böyükada bir də Adalar muzeyi fəaliyyət göstərir. 2010-cu ildə istifadəyə verilmiş muzey ziyarətçilərə İstanbulun 9 adasına aid 6min şəkil, 20 min sənəd,  adalardan tapılan tapıntılarla zəngin kolleksiya təqdim edir. Maraqlananlar bazar ertəsi xaric hər gün 10.00-16.00 arası muzeyi ziyarət edə bilərlər.

Büyükadada mütləq görüləsi xüsusi bir məkan var. Əksəriyyətimizin filmini sevə-sevə izlədiyimiz, romanını isə zövqlə oxuduğumuz “Çalıquşu” əsərinin müəllifi Rəşad Nuri Güntəkinin yaşadığı köşk. Məşhur yazıçı bu evdə ailəsi ilə bir yerdə yaşayıb. Çəhrayı boyalı bu üç mərtəbəli evi görmədən geri dönməyin.

DİLBURNU TƏBİƏT PARKI

Günəşli bir yaz günündə, açıq havada Dil burnu parkında yaşıllıqdan, dənizdən zövq alaraq dolaşmaq adanın həzzverici əyləncəsidir. Xüsusən də, piknik sevənlərin məskənidir Dil burnu. Xalılarını yerə salıb, manqallarını, samovarlarını qalayıb, gitaralarını əllərinə alıb maraqlı bir həftə sonunu Dil burnunda keçirməyi çox sevir istanbullular.

Əgər yay aylarında adaya səfər etmisinizsə, isti, yorğunluq sizi əldən salarsa, onda ada çimərliklərində sərinləmək həzzini özünüzə yaşadın. Adada 6 ədəd çimərlik var: Eskibağ, Kumsal, Yörükali, Halk, Prenses, Nakibey çimərliklərindən birini seçin və dənizdən zövq alın.

 BÜYÜKADADA NƏ YEYİLİR, NƏ İÇİLİR?

Təbii ki, əgər söhbət adadan gedirsə, dəniz məhsulları dadmaq qaçınılmaz olur. Sahil restoranlarında əyləşib təzə balıqlardan dadın. Adanın dondurması isə çox məşhurdur. İsti yay günlərində ada dondurması ilə içinizi sərinlədin.

 BÖYÜKDADA ALIŞ-VERİŞ

İstanbul kimi böyük bir alış-veriş mərkəzi ilə müqayisə olunmasa da, adanın da özünəməxsus satışa sunulan məhsulları var. Suvenirlər, maqnitlər və ən əsası, qadınların sevərək taxdığı çiçəklərdən hazırlanmış çələnglər. Çələnglər adanın yazılmamış qanunudur, sanki. Adaya ayaq basan kimi taclanır bütün xanımlar. Bir-birindən rəngli çələnglərin qiyməti isə hər turistin ödəyə biləcəyi qədər münasibdir (5-10tl)

Məscidləri, kilsələri, köşkləri ilə möhtəşəm olan Böyükadanı başdan sona dolaşıb bir az yorğun, amma çox zövqlü, maraqlı , məlumat və təəsürat dolu bir günün sonuna gəlirik. Adaya gələn sonuncu gəmiylə gəldiyimiz kimi geri dönürük.

Yeni adalarda görüşənədək. 🙂

Büyükada qədər gözəl LOKRUM adası haqda oxumaq istəsəniz, buraya tıkqıldadın.