Dünya o evi macar fotoqraf İrene Becker sayəsində tanıdı. İrenenin çəkdiyi o məşhur şəkil National Geographic tərəfindən 2012-ci ilin fotosu elan edildi. Bir anlıq fotonu görəndə: “bu gözəl mənzərəni mən də görməliyəm”- deyib, səyahət siyahıma əlavə etdim. Getdik, gördüm, bir az gec olsa da.

Adətən, dənizdə ucaldılan qalalar, adada salınan saraylar görəndə ağıla belə bir hekayə gəlir. Şah gülməşəkər qızını ya kasıb oğlanlardan, ya da ölümdən uzaq tutmaq üçün əlçatmaz yerlərə qaçırır. Bu qalaların adları da birmənalı olaraq Qız qalası olur. Demək olar ki, səyahət etdiyim hər ölkədə bu cür qalaya, adaya rast gəlmişəm. Amma, bu səfər fərqli hekayəylə rastlaşdım. Bu dəfəki dənizin yox çayın ortasındadır. Qala deyil evdir. Üstəlik hekayənin qəhrəmanı qızlar deyil, OĞLANlardır.

OĞLAN QALASI – DRİNSKA KUÇANIN HEKAYƏSİ

Hadisə yaxın keçmişdə – 1968-ci ildə, hələ o vaxt vahid Yuqoslaviyanın qardaş, indi isə ən qatı düşmən kimi bir – birinə tərs-tərs baxan Bosniya ilə Serbiyanın sərhəddində Drina çayında cərəyan edir.

Deməli, bir qrup serb gənc yayda Serbiyanın qərbində  yamyaşıl Bayina Başta şəhərində Drina çayında çimib çayın tən ortasındakı qayaya  dincəlmək, günəşlənmək üçün qalxırlar.  Amma, buna dincəlmək demək olmaz, çünki qayanın sərt küncləri, əyri səthi narahat edirmiş uşaqları. Gənclər geri sahilə çıxıb bir qədər taxta parçaları gətirirlər. İçlərindən birinin – 17 yaşlı Miliya Mandiçin ağlına elə bu qayanın üzərindəcə bir ev tikmək fikri gəlir. Beləcə, dünyada hamının bir nəfər kimi həsədlə baxdığı o şəklin yaranışına səbəb olan evin hekayəsi ortaya çıxır. 

Oğlanların qalasının hekayəsi qızlarınkından fərqli olaraq xoşbəxt sonluqla bitir. Nə ölüm var, nə də itim. Əslində daha romantik, gözləri yaşardacaq hekayə gözləyirdik, bilirəm. Amma, neyləyək ki, əhvalat bu qədər sadədir. Qədim dövrlərdə də baş verməyib ki, özümüzdən uydurmalar edək.  Oğlanlar inciməsin, amma, qızlar daha maraqlı hekayə qəhrəmanlarıdırlar.

50 İLDƏ 6 DƏFƏ

Tam 50 ildir Drinanın ortasında ayaqda qalmağa çalışan, onunla ölüm-qalım savaşı verən bu ev çayın coşduğu zamanlar onun qeyzinə tab gətirməyib nə az, nə çox tam 6 dəfə uçub. Hər dəfə yenidən bərpa olunub, amma Drinayla bacarmayıb. Sonuncu ev əvvəlkilərə nisbətən daha dayanıqlı tikilib.  Ümid edək ki, bu ev Drina savaşından qalib çıxacaq.

DRİNA EVİNƏ NECƏ GETMƏLİ

Drina evi Serbiyanın paytaxtı Belqraddan 165km, Bosniyanın paytaxtı Sarayevodan isə 175km məsafədə yerləşir. Belqraddan turistik bölgə olan qərbi Serbiyaya turlar təşkil olunur. Düzdür qiymətlər bir az baha olur. Turlarla səyahət etmək istəməyənlər adi şəhərlərarası avtobuslarla Bajina Baştaya səfər edə bilərlər. Yol yorucu olsa, elə Drinanın sahilindəcə Terasa restoranında oturub “Oğlan qalasına” baxa-baxa yemək yeyə bilərlər.

Bajina Baştaya qədər gəlmişkən Serbiyanın turistik bölgəsi olan Zlatibora da baş çəkin. Mokra Gorada panoramik qatarla 1 saatlıq dağ gəzintisinə də qatılın. Zövq alacağınıza əminəm. Məşhur serb rejissor Emir Kusturiçin tikdirdiyi Drvengradı (taxtadan şəhərcik),  möhtəşəm Uvac kanyonunu və Tara milli parkını da görün. İnanın ki, mənzərəyə doymayacaqsınız.

Qeyd: Serbiya Azərbaycan vətəndaşlarından viza tələb edir. (rüsum 120azn) Multi şengen vizanız varsa, ölkəyə giriş sərbəstdir. 

DRİNA REGATTA

Yay festivallar fəslidir. Əlbəttə ki, turistik bölgə olan qərbi Serbiya da yayda coşur. 24 ildir keçirilən Drinska regatta  festivalı Balkan bölgəsində ən məşhur festivallardandır. Hər il iyun-iyul aylarında 200 insan qayıqlarla Peruçaç gölundan başlayaraq Drina çayına doğru üzü aşağı hərəkətə keçirlər. Festivalda həmçinin serb musiqiləri, serb mətbəxi, serb içkiləri də nümayiş etdirilir.

Mən getdim o evi gördüm, siyahımdan bir yer də azaltdım. Əgər Sizin də səyahət siyahınız varsa, Drina evini də o siyahıya əlavə edin.