Adətən, bir dəfə olduğum şəhərə ikinci dəfə getməyi düşünmürəm. Çünki, həm dadı damağımda qalsın deyirəm, həm də dünyada görmədiyim kifayət qədər şəhər, məkan varkən eyni yerə getməyi bir az israf hesab edirəm. Mostarda bir dəfə olmuşdum, bu ikinci səyahətim idi. Əslində, bir iş səyahətini keçən dəfədən ürəyimdə qalan Kravica şəlalərinin kəşfi üçün fürsətə çevirmişdim. 

Qeyd: Mostar Bosniyanın Herseqovina bölgəsində tarixi və mütləq görüləsi bir şəhərdir. Bosniya Azərbaycan vətəndaşlarından viza tələb etmir və Mostar haqqında oxumaq üçün buraya tıkqıldada bilərsiniz.

Mostara ilk gəlişimiz may ayına təsadüf etmişdi və əlbəttə ki, Balkanların yaz mövsümündə yağışlı havası Kravica şəlalərinə getməyə imkan verməmişdi. Bu dəfə isə iyul ayının tən ortası, əsl şəlalədə sərinləmək zamanı belə bir şans çıxdı qarşıma. Bu qaçıra bilməzdim və məncə, onu çox gözəl dəyərləndirdim.

Otelə yerləşdikdən sonra  ilk işim Mostar Starı Gradda Kraviça şəlalərinə təşkil edilən turlar haqda maraqlanmaq oldu. Onu da deyim iyul ayında Mostarda otel tapmaq bir az çətin oldu və booking.com saytından tapdığımız oteldən çooox narazı ayrıldıq (Hotel Bevande 5*, 125€) Otel ulduzlarını zor gücünə almışdı sanki.

Qayıdaq tura. Təkcə Kraviça şəlaləsinə təşkil olunan tur 30€, bütün maaşrut isə 35€. Turun əvvəlki dayanacaqlarında keçən səyahətdə olsam da, heç nə itirməyəcəm deyib yenidən həmin yerlərə yenidən bir baş çəkim dedim.

Turun istiqaməti Bosniyada islamın mənbəyi Tekija, yəni Təkkə, tarixi Osmanlı kəndi Poçitel və son dayanacaq Kraviça şəlalələri.

Bu marşrutu 40 dərəcə istidə özümün həyata keçirməyim bir az çətin olardı. Elə buna görə də Mostar Old Tounda  İhousetravel şirkətinə müraciət edtim. Tur bələdçisi həm də şirkətin rəhbəri Miran məlumat dolu, maraqlı, peşəkar bir bələdçi idi. Miran mənim azərbaycanlı olduğumu öyrənən kimi ilk cümləsi: “İndiyə qədər heç azərbaycanlı turistim olmamışdı” oldu. İkinci cümləsi isə: “De görüm, Qarabağ Azərbaycan torpağıdır, yoxsa erməni” Açığı bu sualı belə tez eşitməyi gözləmirdim. Miran da müharibə yaşamış, İtaliyaya qaçmış, valideynləri Mostara dönməmək qərarı alarkən o, doğulduğu torpaqlara qayıtmışdı. Mirana: “siz daha şanslısınız” dedim. Bədəli nə olursa olsun vətəninizə dönmüsüz, ancaq, bizim qaçqınlar hələ də torpaqlarına həsrət yaşayırlar. Miranla bir az dərdləşdik,  turdan isə çox razı qaldım və buradan ona Bosniya dilində təşəkkür etmək istəyirəm:  Miran, hvala na ovoj neverovatnoj turneji 😀

 BİR AZ KRAVİÇA ŞƏLALƏSİ HAQDA

Tarixi Mostar şəhərindən 44km uzaqlıqda yerləşən Kravica şəlalələri Trebijat çayının  Bosniyanın dağlıq relyefi ilə qovuşmasından yaranan təbiət möcüzəsidir. 30m hündürlüyü olan şəlalə yay aylarında bosniyalıların, həmçinin bura axın edən turistlərin sevdiyi məkandır. Cəmi cümlətani 25km dəniz sərhəddi olan Bosniya dənizsizliyi şəlalələri, gölləri, çayları ilə kompensasiya edir. Şəlaləyə giriş ödənişlidir (3€) Biz turla getdiyimizə görə heç bir ödəniş etmədik.

Şəlaləyə girərkən bələdçimizin bizə bir tövsiyyəsi oldu: “Şəlalənin lap dibinə gedib şəkil çəkdirməyə çalışmayın. Çünki su axının özü ilə nə gətirəcəyi məlum olmur. Yaşamaq istəyirsinizsə, şəlalə ilə aranıza məsafə qoyun”  😃 Mən buna əməl etdim, ancaq, məsləhəti qulaq ardı edib sağ qalan turistlər az deyildi.Şəlaləyə gələn tur yoldaşlarım üzmək üçün bütün ləvazimatları ilə hazır vəziyyətdə gəlmişdilər. Şəlalənin ətrafında kafe, restoranlar var. Suyun sərin, tərtəmiz havası, şəlalənin səsi adamı acdırır. Oturub bir çevapi yeyib, tur yoldaşlarımla  maraqlı söhbətdən sonra 2,5 saatımız başa vurduq. Qrupun bir hissəsi şəlalədə qalmağa qərar verdi. Qalanlarımız isə gəldiyimiz kimi geriyə – Mostara yola düşdük. Mostara çatdıqda isə hamının üzündən yorğunluq yağırdı.